Milli Məclis Avropa Parlamentini təxribatlardan çəkinməyə çağırıb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli
qətnaməsinə dair bəyanat verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən
məlumata görə, bəyanatda bildirilir ki, martın 10-da Avropa
Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul
edib.

Qeyd edilib ki, Ermənistanın və Avropa Parlamentindəki erməni
lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan
torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o
cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq
faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və
sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu
qətnamə eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva
etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün
aradan qaldırılması səylərinə də kölgə salır. Beynəlxalq
ictimaiyyəti aldatmaq məqsədi güdən bu qətnaməni birmənalı şəkildə
“Avropa demokratiyasının növbəti qürubu” adlandırmaq olar: “Avropa
xalqlarının ayrı-ayrı nümayəndələrinin toplaşdığı Avropa
Parlamentinin ümumbəşəri dəyərlərə etinasızlığı və laqeyd
münasibəti ciddi suallar doğurur. Avropa Parlamentinin qətnaməsi
Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni
irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. İşğal dövrü
Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri
ilə müşayiət olunub. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla
yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini
məhv edib. Coxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji
qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları,
nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və
talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan
yerlərə çevrilərək, təhqir olunub. Yalnız İslam dininə aid
abidələrə qarşı vəhşilik edilməyib. Alban və xristian kilsələri də
dağıdılıb, onların üzərində arxitektur dəyişikliklər aparılmaqla
erməniləşdirilməsinə cəhd göstərilib”.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın çoxsaylı çağırışlarına
baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış
beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi
üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Beynəlxalq
qurumların qətiyyətsizliyi Ermənistanı, əksinə, dağıntıların
miqyasını daha da genişləndirməyə təşviq edib: “Öz qətnaməsində
UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar
edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham
edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən
vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ
qaldırmaması olduqca düşündürücüdür. Avropa Parlamentinin hazırkı
qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni
zamanda mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa
İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir. Çir faktı da
vurğulamaq lazımdır ki, cari ilin fevral ayının 4-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa
İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə
videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO
missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq
ifadə edib. Bu, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus
mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqidir.
Avropa Parlamenti isə nədənsə bu məsələyə ümumiyyətlə toxunmur.
Avropa Parlamenti ermənilərə aid olduğunu iddia etdiyi mədəni
abidələri qədim xristian irsinin və bəşəriyyətin ümumi irsinin bir
hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan
vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti
abidələrini inkar edən düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi
təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir.
Ümumiyyətlə, qətnamədə Azərbaycanın mədəni irsi ifadəsinə heç bir
yerdə rast gəlmək mümkün deyil. Qətnamədə həmçinin Beynəlxalq
Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif
edilərək, bütövlükdə Ermənistan tərəfindən Məhkəmə qarşısında
qaldırılmış, lakin rədd edilmiş iddialara istinad edilir.
Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi Avropa İttifaqı
rəhbərliyinin son dövrlərdə Cənubi Qafqazda sülh, sabitlik və
təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi
xoşməramlı səylərə bütövlükdə ziddir. Azərbaycan ərazisində bütün
dinlərin məbədləri, bütün mədəniyyət abidələri dövlət tərəfindən
qorunur və bərpa olunur. Avropa Parlamentinin bu qətnaməsi
Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə
kölgə sala bilməyəcək adi bir kağız parçasıdır.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin
qərəzli şəkildə yalan məlumatlar yaymaq cəhdini şiddətlə qınayır və
regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan
çəkinməyə çağırır”.

Teqlər: