Quzey üçün 28 Mayın əhəmiyyəti nədirsə, bizim üçün də 21 Azər (12 dekabr) bir o qədər mühümdür. Bu adın altında milliləşmə, demokratikləşmə, reformlar, insan haqları, qanunların tanınması kimi məsələlər dayanır.
Bu sözləri AzerTimes-a güneyli publisist, Azərbaycan Demokratik Firqəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi Abdullah Əmir Haşimi Cavanşir deyib.
O bildirib ki, 21 Azər milli dövlətçiliyimizi yaradan, istibdada son qoyan, mərkəzləşmənin qarşısını alan, qeyri-fars millətləri İran adlanan ölkədə assimilyasiya edən bir layihəni məğlubiyyətə düçar edən bir tarixdir:
“1945-ci il dekabrın 12-də Azərbaycan Demokratik Firqəsinin təşkil etdiyi qurultayda müxtəlif şəhərlərimizdən gələn 700-dən çox nümayəndə iştirak edirdi. Burada Təsisçilər Heyəti, sonra isə Milli Məclis formalaşdı. Milli Məclis milli dövlətin yaranmasına qərar verdi. Milli dövlət bir il ərzində Güney Azərbaycanda bir çox işlərə imza atdı, azərbaycanlıları dövlətçilik sahibi olmaq məqamına gətirib çıxartdı, Azərbaycanda yeni tipli dövlət quruldu. Milli təhsil, Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmək, ordu quruculuğu kimi hədəflərinə çatdı. Ərazi islahatı keçirdi, kəndlilərlə mülkiyyətçi arasında ədalətli münasibət quruldu, fabriklər işə salındı, qadın və kişilərə bərabər hüquq verildi”.
Milli Hökumətin dünyəvi ideyalarının İranda yaşayan digər xalqlar üçün də parlaq gələcək vəd etdiyini deyən güneylu publisist şah rejiminin buna mane olduğunu bildirib:
“Saydığmız bu islahatların İranın başqa yerlərində də həyata keçirilməsi üçün Milli Hökumət Mərkəzi Hökumətə təkliflər verdi. Mərkəzi Hökumət məcbur oldu ki, bu işlərin İranın başqa yerlərində də həyata keçiriləcəyinə söz versin. Hətta Mərkəzi Hökumətlə Milli Hökumət arasında müqavilə bağlandı. Lakin Mərkəzi Hökumət verdiyi sözə əməl etmədi. Məhəmməd Rza şah bu müqaviləyə xəyanət etdi. Onu həyata keçirmədi və Milli Hökuməti də süquta uğratdı”.
O, 21 Azər ideyasının daşıyıcılarının öz mübarizəsindən əl çəkmədiyini diqqətə çatdırıb:
“Güney azərbaycanlılar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları ilə meydanlardadır. Müxtəlif şəkillərdə, əsasən, milli mədəni formada mübarizəsini davam etdirir. Son illərdə biz bunun daha çox şahidi olmuşuq. Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan kimi iri şəhərləri öz müqəddaratını təyin etmək uğrunda mübarizənin önündədir. Onlar ana dilində danışmaq, yazmaq, assimilyasiya siyasətinə son qoymaq üçün dayanmadan mübarizə aparır. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin talan olunmamasını tələb edirlər. Bunlar hamısı 21 Azər Hərəkatının ideallarının davamıdır”.
O bildirib ki, Milli Hökumətin yaranmasının 78-ci ildönümü ilə əlaqədar dünyanın bir çox yerində yaşayan azərbaycanlılar tədbirlər keçirmək niyyətindədir:
“Milli Hökumətin yaranmasının 78-ci il dönümü münasibəti ilə Avropa və Amerikanın iri şəhərlərində tədbirlər keçiriləcək. Seminar və görüşlərdə bu günün əhəmiyyəti, bizim üçün aktuallığı haqqında müzakirələr aparılacaq. Həmçinin, ADF dekabrın 11-dən 16-a kimi “Klubhaus”da (“Clubhouse”) 6 gün konfrans təşkil edib”.