Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir – rusiyalı idmançı

Bakıda Milli Gimnastika Arenasındakı şərait inanılmazdır, zal heyrətamiz dərəcədə gözəl və rahatdır.

Bu barədə AzerTimes-a Rusiyalı idmançı, bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı Darya Trubnikova bildirib.

D.Trubnikova qeyd edib ki, yarışın təşkili ən yüksək səviyyədə həyata keçirilib:

“Yarışın təşkili idmançıları daşıyan nəqliyyatdan başlayaraq koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlərə qədər ən yüksək səviyyədə həyata keçirilib”.

Darya Trubnikova vurğulayıb ki, tamaşaçılar tribunalarda olduğu zaman çıxış etmək onun üçün daha rahatdır, ancaq yarışın yeni qaydalarına alışmağa çalışır:

“Bakıda həmişə çox gurultulu alqışlar olur, fəal azarkeşlər var. Pandemiya ilə əlaqədar olaraq tamaşaçısız oynamağa vərdiş aldığımız bir çox onlayn turnirimiz oldu. Əlbətdə ki, bu asan deyil, amma təşkilatçılar bizə dəstək olmaq üçün əllərindən gələni edirlər”.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Teqlər: