Xəbər - Cani Babayeva – Trend:
Bakıda Milli Gimnastika Arenasında biz özümüzü çox rahat hiss edirik.
Bunu Trend-ə Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları, israilli gimnastlar Noam Hamami və Nikol Ursu deyib.
“Bu, bizim Bakıya ilk səfərimizdir. Burada hər şey yalnız müsbət hisslər doğurur. Çıxışdan əvvəl bir qədər həyəcanlanırdıq və bizi dəstəkləyən insanlar qarşısında məsuliyyətimizi başa düşürdük”, – deyə gimnastlar bildirib.
Gimnastlar vurğulayıblar ki, onların qarşısında duran əsas məqsədlərdn biri Olimpiya oyunlarında iştirak etməkdir.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev)