Milli Gimnastika Arenası mənim üçün doğmadır, mən burada çoxlu medallar qazanmışam – Rusiyalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenası mənim üçün doğmadır, mən burada çoxlu medallar qazanmışam.

Bunu Trend-ə Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının iştirakçısı, rusiyalı gimnast, dünya çempionu, Avrop çempionatı və Olimpiya oyunlarının mükafatçısı, 2015-ci il Bakıda keçirilən Avropa Oyunlarının ikiqat qalibi Dmitri Uşakov deyib.

“Mənim Bakı ilə xoş xatirələrim var, çünki mənim üçün uğurlu olmuş ilk Avropa Oyunları məhz burada keçirilib. Mən burada iki qızıl medal qazandım. Azərbaycana həmişə məmnuniyyətlə gəlirəm. Burada idmançılar üçün bütün şərait yaradılıb. Yarışlar çox yüksək səviyyədə keçir”, – deyə gimnast bildirib.

O, özünün bugünkü çıxışlarından razı qaldığını deyib: “Təsnifatda planlaşdırdığım hər şeyi etdim. Əsas tapşırıq yarımfinala və komanda hesabında finala çıxmaq idi, hər iki tapşırığı yerinə yetirdim. Ona görə də bugünkü çıxışımdan razı qaldım”.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: