Milli cins atların cıdır yarışlarına start verilir

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq
Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə yerli genofondun ən qiymətli nümunələri olan
Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins
idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq
atçılıq təsərrüfatlarının maddi-texniki bazasının
möhkəmləndirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi,
yetişdirmə, bəsləmə, məşq və sınaq işlərinin səviyyəsinin daha da
yüksəldilməsi, atçılıqda keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması ilə bütövlükdə bu sahənin inkişafı istiqamətində
müzakirələr aparılıb.

Bildirilib ki, son illər dövlətimiz tərəfindən Azərbaycan
atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın
inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə
“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb,
atçılığın inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.

Görüşdə Qarabağ atlarının əvvəlki şan-şöhrətinin özünə
qaytarılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin
zəruriliyi vurğulanıb. Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyi və
Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə
təşkilatçılığı ilə milli cins atların cıdır-sınaq yarışlarının
təşkili barədə razılıq əldə olunub. İlk olaraq cıdır yarışlarına
Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul
olunub. Burada cıdır zolağının beynəlxalq yarış standartlarına
cavab verməsi üçün işlərə başlanılıb. Artıq cıdır meydanlarının
(ippodromlar) təşkili işinə yerli və xarici mütəxəssislər cəlb
olunub.

Bununla yanaşı, yaradılacaq digər İşçi Qrup atların DNT
təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi
ilə məşğul olacaq, atların identifikasiya (mikrociplənmə,
pasportlaşma və s.) prosesinə dəstək göstərəcək. Bu prosesin yekunu
olaraq atlara dünya standartına cavab verən pasportlar veriləcək.
Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün
olacaq. Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq
Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə
tutulur.

Qeyd edək ki, ən qısa zamanda milli cins atların cıdır
yarışlarına start verilməsi üçün bütün zəruri addımlar
atılacaq.

Teqlər: