Milli Aviasiya Akademiyası – Azərbaycanda aviasiya elminin və təhsilinin inkişafı (FOTO)

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası
(MAA) səciyyəvi xüsusiyyətlərinə, maddi-texniki, tədris-metodiki,
elmi-tədqiqat və laborator-təcrübə bazasına görə Azərbaycan
Respublikasının təhsil sistemində xüsusi yer tutur. Aviasiya
mütəxəssislərinin hazırlanması mülki aviasiyanın inkişafının
ayrılmaz hissəsinə çevrilmişdir. Hava gəmiləri parkının
yenilənməsi, hava daşımalarının coğrafiyasının genişləndirilməsi,
beynəlxalq aeroportların inşası, ən son naviqasiya sistemlərinin
quraşdırılması, müasir uçuş-texniki istismar sisteminə keçid,
habelə Milli Aviasiya Akademiyası kimi hazırlıq mərkəzinin
yaradılması bu inkişafın əsasını təşkil edir.

25 ildən artıqdır ki, akademiya bu yüksək texnoloji və elmi
tutumlu sahəni dünya standartları səviyyəsində tam olaraq ali,
əlavə və xüsusi peşə təhsili proqramları üzrə kadrlarla təmin edir.
Məhz mülki aviasiyada uçuşların təhlükəsizliyinə qoyulan yüksək
tələblər Azərbaycanda aviasiya elminin və təhsilinin əsas
istiqamətlərini özündə ehtiva etmişdir. Azərbaycanda mülki
aviasiyanın strateji inkişaf istiqamətləri Ümummilli Lider Heydər
Əliyev tərəfindən müəyyən edilmişdir.

Bu strategiyanı həyata keçirmək, genişləndirmək və inkişaf
etdirmək, Azərbaycan mülki aviasiyasını dünya səviyyəsinə çıxarmaq, “Azərbaycan Hava Yolları” aviaşirkətini dünyanın nüfuzlu, müasir,
təhlükəsiz və etibarlı dövlət aviadaşıyıcılarından birinə çevirmək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti,
diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur.

Bu gün, 25 ildən artıq vaxt keçdikdən sonra Azərbaycan mülki
aviasiyasının bu illər ərzində ən sürətli inkişaf yolu keçdiyini
aydın görmək mümkündür. Aviasiya Akademiyası 1992-ci ildə Milli
Aviasiya Mərkəzi kimi yaradılmışdır. 1994-cü ildə Milli Aviasiya
Mərkəzinin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Dövlət
Konserninin – indiki “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində
Milli Aviasiya Akademiyası adlandırılmışdır. Ali təhsil müəssisəsi
fəaliyyətə başlayarkən burada bir fakültə, iki ixtisas mövcud idi
və 80 tələbə təhsil alırdı.

1996-cı ildə Akademik Arif Mir Cəlal oğlu Paşayevin MAA-nın
rektoru təyin edilməsi Milli Aviasiya Akademiyasının təşəkkülündə
və inkişafında mühüm hadisə oldu. Akademik Arif Paşayev Azərbaycan
xalqının parlaq nümayəndələrindən olmaqla, müdrik və mütərəqqi
rəhbər, son dərəcə zəngin həyat və peşə təcrübəsinə malik alimdir.
Akademiyanın rektoru müasir aviasiya ali təhsil müəssisəsinin
inkişafı üçün zəruri olan bütün tədbirləri görür. Bu mühüm işdə
Arif müəllimə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir
Əsgərov hərtərəfli dəstək və köməklik göstərir. Müdrik rəhbərlik və
birgə səylər nəticəsində Aviasiya Akademiyası bu illər ərzində öz
layiqli təşəkkül və tərəqqi yolunu keçmişdir.

Akademik Arif Paşayevin çoxillik iş təcrübəsi aviasiya sahəsində
yeni elmi tətbiqini tapmışdır. O, müasir dünya standartlarına cavab
verən, özündə təhsilin, elmin və istehsalatın vəhdətini təşkil edən
ali təhsil müəssisəsi yaratmışdır. Rektor gözəl bilirdi ki,
professor-müəllim heyətinin və tələbələrin birgə elmi-tədqiqat və
praktiki fəaliyyəti olmadan tamhəcmli ali təhsil qeyri-mümkündür.
Akademik Arif Paşayev vahid kollektiv yaratmağa, onun pedaqoji,
elmi və praktiki fəaliyyətini təşkil etməyə və əlaqələndirməyə
müvəffəq olmuşdur.

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Kosmik
Məsələlər üzrə Şuranın sədri olmaqla, Arif Mir Cəlal oğlu Paşayev
Azərbaycan Respublikasında aerokosmik sahənin strateji əhəmiyyətli
elmi layihələrinin təməlində dayanır. Onun rəhbərliyi altında bu
gün Milli Aviasiya Akademiyası Heydər Əliyev Beynəlxalq
Aeroportunun bilavasitə yaxınlığında yerləşən kampus üslublu müasir
elmi-tədris-təcrübi kompleksdir.

Akademiyada 20 bakalavriat, 17 magistratura və 10 doktorantura
ixtisasları üzrə iki minə yaxın tələbə təhsil alır. Fəaliyyət
göstərdiyi illər ərzində akademiya 9000-dən çox mütəxəssis
hazırlamışdır. Müasir təyyarə və helikopter pilotlarının, havada
hərəkətin təşkili üzrə dispetçerlərin, aerokosmik texnikanın
layihələndirilməsi və istismarı üzrə mühəndislərin, aeronaviqasiya,
hava nəqliyyatında təhlükəsizlik, aviasiya meteorologiyası,
aerokosmik monitorinq, sərnişin və yük daşımaları, terminalların və
logistik mərkəzlərin idarə edilməsi, hava limanlarının istismarı
üzrə mütəxəssislərin hazırlığı akademiyanın fəaliyyətinin əsasını
təşkil edir. Akademiya bunlarla yanaşı, energetika,
radioelektronika, telekommunikasiya, informasiya texnologiyaları,
ekologiya üzrə mühəndisləri, hüquqşünaslıq, iqtisadiyyat və
menecment üzrə mütəxəssisləri də hazırlayır.

Milli Aviasiya Akademiyasında ixtisasların seçilməsi və
əsaslandırılması respublikanın aerokosmik, nəqliyyat, energetika və
bir sıra digər sahələrinin inkişafına istiqamətlənmiş dövlət
siyasətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisəsinin
ixtisaslarının hər biri özündə müəyyən missiyanı daşıyır. Bununla
yanaşı, akademiyanın bütün ixtisasları bu və ya digər şəkildə
aerokosmik sahə ilə bağlıdır.

Fəaliyyətinin ilk illərində akademiya aviasiya texnikasının uçuş
və texniki istismarı üçün kadrlar hazırlayırdı, lakin ölkə
iqtisadiyyatının intensiv inkişafı sayəsində müasir tələblərə cavab
verən yüksəkkateqoriyalı mütəxəssislərə zərurət yaranırdı. Bu
baxımdan təhsilin bütün səviyyələri üzrə hazırlıq istiqamətlərinin
və proqramlarının müəyyən olunması əsas vəzifələrdən idi. Həmin
vəzifənin həyata keçirilməsi istiqamətində rektor Arif Paşayev uzun
illər ərzində təhsil məsələlərində müdrik və qətiyyətli siyasət
yürüdür. Bu siyasətin əsasını gələcəyə perspektiv baxış və səmərəli
yanaşma təşkil edir. Rektor dinamik inkişaf edən iqtisadiyyat
sahələrində peşəkar kadrlara və hazırlıq növlərinə olan tələblərin
daim dəyişdiyini, yeni ixtisaslara, təhsil proqramlarının və
hazırlıq üsullarının təkmilləşdirilməsinə ehtiyac yarandığını hər
zaman nəzərə alır. Eyni zamanda Təhsil Nazirliyinin, respublika və
beynəlxalq aviasiya hakimiyyətləri orqanlarının, aerokosmik sahə
üçün mütəxəssis hazırlığı ilə məşğul olan ali təhsil
müəssisələrinin fəaliyyətini əlaqələndirən təşkilatların
tələblərinə dəqiq riayət etmək lazım idi. Bu baxımdan akademiyanın “AZAL” QSC-nin struktur bölməsi olması, mülki və dövlət aviasiyası
subyektləri, aerokosmik və digər sahələr, energetika və nəqliyyat
sektoru ilə qarşılıqlı sıx əlaqədə fəaliyyət göstərməsi olduqca
mühüm rol oynayırdı.

Kosmik Məsələlər üzrə Şuranın sədri, akademiyanın rektoru
Akademik Arif Paşayevin rəhbərliyi ilə 2012-ci ildə kosmik sahə
üçün mütəxəssis hazırlığına başlanıldı. Bu addım Azərbaycanda
kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının
müvafiq müddəalarının həyata keçirilməsi ilə, eləcə də aerokosmik
sahənin inkişafına və bu sahə üçün mütəxəssis hazırlığına təkan
verən süni peyklərin orbitə buraxılmasına hazırlıqla əlaqədar
atılmışdı. Həmin illərdə Nəqliyyat Nazirliyi ilə razılaşmaya
əsasən, akademiyada digər nəqliyyat növləri üçün mütəxəssislərin –
elektroenergetika, proseslərin avtomatlaşdırılması, logistika üzrə
mühəndislərin, nəqliyyat sistemi üçün menecerlərin hazırlığına
başlanıldı.

Ali təhsillə yanaşı, akademiyada orta və kiçik kateqoriyalı
aviasiya mütəxəssislərinin də hazırlığı həyata keçirilir. Bunlara
kommersiya və hava xətləri pilotları, havada hərəkətin idarə
edilməsi və uçuşların təmini üzrə işçi heyət, beynəlxalq hava
xətləri üçün təyyarə bələdçiləri, bort texniklər, operatorlar və
mexaniklər, naviqatorlar və radistlər, hava gəmilərinə və yerüstü
avadanlığa xidmət göstərən texniklər, meteoroloqlar, aerodrom
xidməti, aviasiya təhlükəsizliyi, qəza-xilasetmə və axtarış
xidməti, aviadaşımaların təşkili xidmətinin işçi heyəti və s.
daxildir.

Bu məqsədlə 2005-ci ildə akademiyada Aviasiya Personalının
Hazırlığı Mərkəzi yaradılmış, 2010-cu ildə trenajor kompleksini,
təcrübi və nəzəri hazırlıq bölmələrini özündə birləşdirən
Pilotların Hazırlığı Mərkəzi, 2013-cü ildə səlahiyyətli IATA
institutu, 2019-cu ildə isə Dövlət Mülki Aviasiya Agentliyi
tərəfindən sertifikatlaşdırılmış Texniki Xidmət Məktəbi təsis
olunmuşdur. Beləliklə, akademiyanın timsalında respublikanın mülki
aviasiya sahəsi üçün peşəkar kadrlar hazırlayan milli sistem
fəaliyyət göstərir. Təhsilin bu istiqamətinin yaranması və
təşəkkülü Azərbaycanın aviasiya və kosmik sahələrinin tarixi,
ənənələri və strategiyası ilə ayrılmaz şəkildə bağlıdır.

Bu gün akademiyanın təhsil strukturuna 6 fakültə, 23 kafedra,
Pilotların Hazırlığı Mərkəzi, IATA İnstitutu, Texniki Xidmət
Məktəbi, İnformasiya Texnologiyaları Mərkəzi daxildir. Bunlarla
yanaşı, Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”
ilə birlikdə Akademiyada Aerokosmik monitorinq mərkəzi yaradılır,
kiçik peyklərin işlənib hazırlanması mərkəzinin təsis olunması
nəzərdə tutulmuşdur.

1999-cu ildən akademiya Dövlətlərarası Aviasiya Komitəsi (DAK)
tərəfindən sertifikatlaşdırılaraq, təşkilata üzv olan ölkələrdə
tanınır. 2002-ci ildə akademiya Beynəlxalq Mülki Aviasiya
Təşkilatının – ICAO-nun reyestrinə daxil edilir.

2003-cü ildə akademiya “Aviasiya və raket-kosmik texnikasının
sınaqları və istismarı” və “Aeronaviqasiya” sahələrində ali təhsil
müəssisələrinin Tədris-metodiki birliyinin assosiativ üzvlüyünə
qəbul olunmuş, 2004-cü ildə Aviasiya Təlim Mərkəzləri
Assosiasiyasına, 2016-cı ildə “Aeronaviqasiya və aviasiya və
raket-kosmik texnikasının istismarı” istiqaməti üzrə Federal
tədris-metodiki birliyin tərkibinə daxil edilmişdir. 2012-ci ildə
MAA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) səlahiyyətli
tədris mərkəzi statusunu almışdır.

Tədris prosesi akademiyanın kafedra və mərkəzlərinin
laboratoriya-təcrübə və elmi-tədqiqat bazasında, aviaşirkətlərin və
aviasiya müəssisələrinin struktur bölmələrində, eləcə də müxtəlif
nazirlik, idarə, agentlik və müəssisələrdə keçirilir.

Kadrların hazırlanmasında “Azərbaycan Hava Yolları” QSC-nin, “Silk Way” Şirkətlər Qrupunun (SW Group), “ASG Helicopter Services”
şirkətləri, “Azərkosmos” Kosmik Agentliyinin rəhbərləri və aparıcı
mütəxəssisləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli
Aerokosmik Agentliyinin və aparıcı ali təhsil müəssisələrinin
alimləri iştirak edirlər.

Akademiyanın uğurları onun infrastrukturunun və maddi-texniki
bazasının inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. MAA-nın
infrastrukturuna 5 tədris-laboratoriya korpusu, Pilotların
Hazırlığı Mərkəzinin trenajor kompleksi, Elm-istehsalat Birliyi,
Tələbə şəhərciyi, Tələbə Tədris Mərkəzi, Uçuş aparatlarının
hazırlanması laboratoriyası, Tələbə Yaradıcılıq Evi, Heydər Əliyev
Muzeyi, Aviasiya tarixi muzeyi, İdman kompleksi, “Fitnes” mərkəzi,
hotel “Akademiya”, parklar, kitabxanalar, iaşə və istirahət
obyektləri, mağazalar və s. daxildir. Tələbə şəhərciyində hotel
tipli dörd yataqxana, qaçış zolaqları ilə təmin edilmiş və 1600
tamaşaçı yerinə malik stadion, tennis kortları, mini-futbol,
voleybol, basketbol idman meydançaları, həmçinin tələbələrin
rahatlığı üçün zəruri köməkçi strukturlar daxildir.

Akademik idman kompleksində müxtəlif idman bölmələri fəaliyyət
göstərir, respublika və beynəlxalq səviyyədə yarışlar keçirilir.
Burada beynəlxalq standartlara cavab verən açıq meydançalar, oyun
növləri üçün universal zal, idman trenajorları, qapalı üzgüçülük
hovuzu fəaliyyət göstərir.

Tələbə yaradıcılıq evi hava gəmilərinin texniki istismarı,
CAD/CAE/CAM texnologiyalarından istifadə etməklə pilotsuz uçuş
aparatlarının və kiçik mühərriklərin işlənib-hazırlanması, həmçinin
elektroenergetika, elektronika, radiotexnika, cihazqayırma üzrə
aviasiya mütəxəssislərinin yetişdirilməsi üçün mühüm rol oynayan
müasir avadanlıqla təchiz edilmişdir. Uçuş aparatlarının
hazırlanması laboratoriyasında 2011-ci ildən etibarən tələbələr
tərəfindən üç yüzə yaxın müxtəlif pilotaj modelləri
yaradılmışdır.

Tədris prosesi təyyarə və helikopterlərin konstruksiyası və
sistemləri, aviasiya mühərrikləri, güc qurğuları, havada hərəkətin
idarə olunması, avionika, radiotexnika, avtomatika, meteorologiya,
aviasiya təhlükəsizliyi, ekologiya, habelə fizika, kimya, mexanika,
elektrotexnika və elektronika, materialşünaslıq, informasiya
texnologiyaları üzrə müasir xüsusi auditoriyalarda və
laboratoriyalarda keçirilir. Burada dispetçer trenajorları,
avtomatlaşdırılmış HHİ sisteminin laboratoriyası, meteoroloji
stansiya, “DFS-e-learning” distant təhsil auditoriyası qurulmuş,
aviasiya texnikasının diaqnostikası, aviasiyada insan amili,
aerokosmik monitorinq, radioelektronika, nanotexnologiyalar və
nanokompozitlər üzrə problem laboratoriyalar fəaliyyət göstərir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində zəruri avadanlıq
və təlim vasitələri ilə təchiz edilmiş aviasiya təhlükəsizliyi üzrə
praktiki məşğələlərin keçirilməsi üçün xüsusi auditoriyalar
yaradılmışdır.

Hazırlıq proqramlarına uyğun olaraq əyani vəsaitlər,
elektrikləşdirilmiş stendlər, müasir təlim texnikası, audio/video
materiallar və tədrisedici proqramlarla təchiz olunmuş Boeing B757,
Airbus A320, ATR 72, İL-76, Cessna 172S təyyarələri və onların
mühərrikləri üzrə xüsusi siniflər, Mi-171 (Mi-8MTV) helikopterinin
tədris kompleksi fəaliyyət göstərir.

2010-cu ildə akademiyanın bazasında yaradılan Pilotların
Hazırlığı Mərkəzi Airbus A319/320, Boeing B757/767, Embraer E190,
ATR42/72, İL-76TD təyyarələrinin, həmçinin Mi-171 (Mi-8 MTV)
helikopterinin müasir trenajorları ilə təchiz edilmişdir.
Pilotların Hazırlığı Mərkəzi Şərqi Avropada və MDB məkanında ən
böyük mərkəzlərdən biri olaraq, pilot-müdavimlərin məqsədyönlü,
fasiləsiz hazırlığına və uçuş heyəti üzvlərinin istehsalatdan
ayrılmadan ixtisaslarının artırılmasına xidmət edir. Bu illər
ərzində 35 respublika və xarici aviaşirkətin 7000-ə yaxın pilotu
akademiyanın Pilotların Hazırlığı Mərkəzinin trenajor qurğularında
təlim keçərək, ümumilikdə 90000 saata yaxın uçuş yerinə yetiriblər.
Onlardan 2000 pilot “AZAL” QSC, “SW Group”, “ASG Helicopter
Services” şirkətləri, dövlət aviadaşıyıcıları, nazirlik və
qurumların nümayəndələridir.

Hər il Pilotların Hazırlığı Mərkəzində orta hesabla 4000-dən
6500-dək dinləyicinin iştirakı ilə 120-130 istiqamət üzrə 300-dən
750-dək nəzəri və praktik peşəkar hazırlıq kursları keçirilir.
2005-2021-ci illər ərzində akademiyada təşkil edilmiş 7000-ə yaxın
müxtəlif təyinatlı hazırlıq kurslarında 62000 nəfərdən çox
dinləyici təlim keçmişdir. Avtorizə olunmuş IATA İnstitutunda 310
kursda bir sıra təşkilatların təqribən 2400 nümayəndəsi beynəlxalq
sertifikatlar almışdır.

Tədris prosesi 430 nəfərdən artıq professor-müəllim heyəti
tərəfindən həyata keçirilir. Elmi-pedaqoji fəaliyyətdə Azərbaycan
Milli Elmlər Akademiyasının 5 akademiki və müxbir üzvü, 40-dan çox
elmlər doktoru və 110 fəlsəfə doktoru iştirak edir. Onların
sırasında ölkənin dörd əməkdar elm xadimi, dörd əməkdar pilot, altı
əməkdar müəllim, həmçinin əməkdar mühəndislər, ali məktəb və
mədəniyyət işçiləri vardır. MAA-nın altı əməkdaşı “Şərəf”, “Şöhrət”
və “Xalqlar dostluğu” ordenləri, səkkiz əməkdaşı “Tərəqqi” və “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş, bir əməkdaş
Heydər Əliyev mükafatına layiq görülmüşdür.

Akademiyada 150-dən artıq məzun çalışır ki, onlardan da 60
nəfəri pedaqoji və təlimatçı fəaliyyətinə cəlb olunaraq MAA-nın
kafedra və struktur bölmələrinə rəhbərlik edirlər. Pilotların
Hazırlığı Mərkəzinin mühəndis heyəti akademiyanın məzunlarından
təşkil olunub.

Aviasiya, energetika və nəqliyyat sahələrində bir sıra
elmi-texniki problemlərin həlli, müxtəlif müəssisə, nazirlik, idarə
və təşkilatların sifarişlərinin yerinə yetirilməsi məqsədilə
akademiyada Elm-İstehsalat Birliyi (EİB) yaradılmışdır. Birliyə
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu
(ETNAPİ), Xüsusi Konstruktor Bürosu və Təcrübə-sınaq istehsalatı
daxildir. Birlik fakültə və kafedralarla sıx əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərir, fundamental və tətbiqi
tədqiqatlarla məşğul olur və konstruktor-texnoloji həlləri
istehsalatda tətbiq edir. EİB-in akademiyanın təhsil strukturu ilə
birgə fəaliyyəti müəyyən mövzular ətrafında həyata keçirilir. Əsas
şifarişçilər “Azərbaycan Hava Yolları” QSC, “SW Group”, “Azərbaycan
Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi,
Müdafiə Sənayesi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
aparıcı şirkətlər və müəssisələrdir.

Akademik Arif Mir Cəlal oğlu Paşayevin rəhbərliyi altında bu
illər ərzində MAA-da zədəsiz nəzarət metodları, radiotexnika, bərk
cisim elektronikası, hava nəqliyyatının, yerüstü komplekslərin,
uçuş aparatlarının və onların sistemlərinin istismarı, aerokosmik
monitorinq və Yerin məsafədən zondlanması, uçuşların
təhlükəsizliyi, aviasiyada insan amili, aviasiya texnikasının
modelləşdirilməsi və diaqnostikası, aviasiya meteorologiyası,
həmçinin lazer texnikası, enerjiyə qənaət texnologiyaları,
ozonlaşdırma texnologiyası, lüminessent materiallar üzrə elmi
istiqamətlərin əsası qoyulmuşdur. Aerokosmik sahədə müasir
informasiya texnologiyalarının, süni intellektin tətbiqi, aviasiya
texnikasının, pilotsuz uçuş aparatlarının, reaktiv mühərriklərin,
kiçik peyklərin, radioelektron mübarizə vasitələrinin, habelə
idarəetmə sistemlərinin, enerji mənbələrinin, robot-texniki
sistemlərin işlənib hazırlanması üzrə elmi istiqamətlər yaradılır
və inkişaf etdirilir.

Rektor Arif Paşayevin dəvəti ilə Milli Aviasiya Akademiyasında
elmi istiqamətlərin təşəkkülü və inkişafında akademiklər Roald
Saqdeyev (ABŞ), Arif Mehdiyev, Akif Hacıyev, Çingiz Qacar, Emin
Şahtaxtinski, Bahadur Tağıyev, Elmlər Akademiyasının müxbir üzvləri
Afiq Həsənov, Ağası Məlikov, Arif Məmmədov, İsmayıl İsmayılov,
professorlar Namiq Hacıyev, Fuad Qasımov, Valeri Sultanov, Telman
Nizamov, Kərim Allahverdiyev, Ramiz Sadıqov, Faiq Ələsgərov, Əhəd
Canəhmədov, Milli Aviasiya Akademiyasının çoxsaylı alim və
mühəndisləri iştirak etmişlər. Elmi istiqamətlərin inkişafında və
müzakirəsində xarici ölkələrin alimləri Daniel Usikov və Qalina
Dudnikova (ABŞ), Məsud Əfəndiyev və Anar Rüstəmov (Almaniya), Alik
İsmayılzadə (Fransa), Anatoli Potapov, Nikolay Plotnikov və Yelena
Nikolayeva (Rusiya), Pavel Amnuel (İsrail) və bir çoxları fəal rol
oynayırlar.

Akademiyanın elmi və pedaqoji potensialı ali təhsil müəssisəsini
müasir və səmərəli metodların tətbiq edildiyi elmi və texniki fikir
mərkəzinə çevirmişdir. Təlimlər real vəziyyətə maksimal yaxın
şəraitdə keçirilir. Elmin, təcrübənin və təhsilin vəhdəti MAA-da
kadr hazırlığının fəlsəfəsini təşkil edir. Gənclərin elmi
potensialının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
Elmi-pedaqoji kadrların hazırlığı üçün Magistratura və doktorantura
şöbəsi fəaliyyət göstərir. Dörd texniki və üç hüquq elmi
ixtisasları üzrə doktorluq dissertasiyalarının müdafiəsi üçün
şuralar fəaliyyət göstərir. Bu şuralarda 1996-cı ildən etibarən
150-yə yaxın elmi iş müdafiə edilmişdir. MAA-nın əməkdaşları
tərəfindən 24-dən artıq doktorluq və 70 namizədlik dissertasiyası
müdafiə olunmuş, 2500-ü xaricdə olmaqla, 7000-ə yaxın elmi məqalə
və tezis çap edilmiş, 130-dan artıq monoqrafiya, xüsusi fənlər üzrə
150 dərslik, 370 tədris və 400 metodiki vəsait hazırlanmış, 35-i
xarici olmaqla, 200-ə yaxın ixtira patenti alınmışdır.

Hər il MAA-da aviakosmik sahənin aktual məsələləri üzrə elmi
konfrans və seminarlar keçirilir, akademiyanın alim və
mühəndisləri, müəllimləri, tələbə və doktorantları müxtəlif
respublika və beynəlxalq qrantlarda, yarışma və layihələrdə iştirak
edirlər. Məsələn, “Azərkosmos” Kosmik Agentliyinin mütəxəssisləri
tərəfindən aerokosmik ixtisasların tələbələri üçün orbital
mexanika, uçuş dinamikası, peyklər və onlar üzərində əməliyyatlar,
yerüstü stansiyalar, məsafədən müşahidə sensorları, kosmik
təsvirlərin emalı və s. üzrə 20-yə yaxın xüsusi seminar keçirilib.
Aerokosmik monitorinq, ekoloji sistemlər, təhsil proqramlarının
keyfiyyətinin yaxşılaşdırılması, onların Avropa standartlarına
uyğunlaşdırılması üzrə bir sıra layihələr, o cümlədən Avropa
İttifaqının TEMPUS SESREMO, ERASMUS+ layihələri uğurla həyata
keçirilmişdir. Layihələr çərçivəsində tələbə və müəllimlər mütəmadi
olaraq Avropa universitetlərində təşkil edilən yay məktəblərində
iştirak etmişlər. 2016-cı və 2017-ci illərdə MAA-nın tələbələri
Texas ştatında (ABŞ) keçirilən “CanSat” layihəsinin final
mərhələsində iştirak edərək, mükafat yerləri tutmuşlar. 2018-ci
ildən etibarən bu yarışma “Azərkosmos” Kosmik Agentliyinin
təşkilatçılığı, Rusiya və Amerika mütəxəssislərinin dəstəyi ilə
Azərbaycanda da keçirilir. MAA tələbələrinin bu il Bakıda
keçiriləcək “Texnofest-2022” sərgisində iştirakı da nəzərdə
tutulmuşdur.

1999-cu ildən etibarən MAA-nın “Elmi əsərlər” və “Elmi
məcmuələr”, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri”
jurnalları çap olunur, 2012-ci ildən elmi-populyar “Sky” (Səma)
jurnalı nəşr edilir.

1999-cu ildən etibarən hər il akademiyada Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunan “Azərbaycanda nəqliyyatın inkişafı problemləri” mövzusunda
tələbələrin respublika elmi-texniki konfransı keçirilir. Burada ali
təhsil müəssisələrindən, elmi mərkəzlərdən, nazirliklərdən,
idarələrdən və aparıcı şirkətlərdən yüzlərlə gənc tədqiqatçı
iştirak edir. 2016-cı ildən etibarən MAA-da Gənclər Gününə və
Azərbaycanda ilk telekommunikasiya peykinin orbitə çıxarılmasına
həsr olunan “Fevral məruzələri: Aviakosmik problemlərin həllində
gənclərin yaradıcılıq potensialı” adlı illik beynəlxalq
elmi-praktiki konfrans keçirilir. Konfransda, orta hesabla, 40-a
yaxın aparıcı aerokosmik təhsil və elmi müəssisənin, habelə
respublikanın və xarici dövlətlərin sahə nazirliklərinin,
idarələrinin, aparıcı şirkətlərinin 150-dən çox nümayəndəsi iştirak
edir. Konfrans çərçivəsində gənc tədqiqatçıların ən aktual elmi
nəticələrinin müzakirə olunduğu plenar və bölmə iclasları,
seminarlar və “dəyirmi masa”lar təşkil olunur.

MAA-nın beynəlxalq əlaqələri akademiyanın bütün fəaliyyət
istiqamətləri üzrə inkişaf edir. Bu əlaqələrin əsasını xarici
aerokosmik, mühəndis və humanitar ali təhsil müəssisələri, həmçinin
elmi mərkəzlər və təlim təşkilatları ilə əməkdaşlıq təşkil edir.
Akademiyanın Rusiya, Ukrayna, Türkiyə, Belarus, Gürcüstan,
Qazaxıstan, Latviya, Litva, Almaniya və digər ölkələrin ali təhsil
müəssisələri ilə ənənəvi elmi-praktiki əlaqələri mövcuddur. Bu
müəssisələr M.V.Lomonosov adına MDU, Moskva Dövlət Mülki Aviasiya
Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası,
N.E.Bauman adına MDTU, Rusiya Nəqliyyat Universiteti “MİİT”, Milli
Nüvə Tədqiqatları Universiteti “MİFİ”, Akademik S.P.Korolyov adına
Samara Milli Tədqiqat Universiteti, Cənub Federal Universitetinin
Taqanroq Texnologiya İnstitutu, Ukrayna Milli Aviasiya
Universiteti, N.Y.Jukovski adına Milli Aerokosmik Universitet – “XAİ”, Olesya Qonçar adına Dnepropetrovsk Milli Universiteti,
A.S.Popov adına Odessa Milli Rabitə Akademiyası, Belarus Dövlət
Aviasiya Akademiyası, Gürcüstan Aviasiya Universiteti, Qazaxıstan
Mülki Aviasiya Akademiyası, Əl-Fərabi adına Qazaxıstan Milli
Universiteti, Latviyanın Nəqliyyat və Rabitə İnstitutu, BAA
Training Litva, Almaniyanın DFS Akademiyası, Berlin Texniki
Universiteti, İstanbul Texniki Universiteti, İzmir Yüksək
Texnologiyalar İnstitutu, Anadolu Texniki Universiteti (Mülki
aviasiya ali məktəbi) və digərləridir. Akademiyanın bir çox
məzunları təhsillərini Rusiyanın, Türkiyənin, Ukraynanın,
Baltikyanı ölkələrin, Avropa, ABŞ, Kanada, Çin, Koreya, Hindistan
və digər dövlətlərin ali məktəblərində uğurla davam etdirirlər.

Akademiya Dövlətlərarası Aviasiya Komitəsi (DAK) ilə sıx
əməkdaşlıq edir, akademiyanın əməkdaşları meteorologiya, aviasiya
tibbi, aviasiya təhlükəsizliyi üzrə koordinasiya şuralarının işində
fəal iştirak edirlər. Bununla yanaşı, akademiyanın struktur
bölmələrinin, ayrı-ayrı ixtisasların və hazırlıq növlərinin
sertifikatlaşdırılması üzrə beynəlxalq təşkilatlarla da fasiləsiz
iş aparılır. Dövlət Mülki Aviasiya Agentliyi ilə yanaşı,
akademiyanın bütün ixtisasları və hazırlıq proqramları, eləcə də
bütün təhsil prosesi mütəmadi olaraq DAK tərəfindən
sertifikatlaşdırılır. Pilotların Hazırlığı Mərkəzinin Airbus
A319/320, Boeing 757/767, Embraer E190, ATR 42/72 təyyarələrinin
trenajorları eyni zamanda hər il Avropanın Uçuşların Təhlükəsizliyi
Agentliyi (EASA), səlahiyyətli IATA İnstitutu isə Beynəlxalq Hava
Nəqliyyatı Assosiasiyası tərəfindən sertifikasiyadan keçir.

Müəllimlərin, təlimatçıların və mühəndislərin ixtisaslarının
artırılmasına xüsusi diqqət yetirilir. “Azərbaycan Hava Yolları”
QSC, “SW Group” müəssisələri, “Boeing”, “Airbus”, “Embraer” və “ATR” aviaşirkətləri, “L3Harris”, “FlightSafety International”
şirkətləri ilə yanaşı, ixtisasartırma Rusiya, Ukrayna, Litva, ABŞ,
Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İsveçrə, Niderland,
Lüksemburq, Finlandiya və digər ölkələrin hazırlıq mərkəzlərində
həyata keçirilir.

Çoxprofilli təhsil ali məktəbə respublikada və beynəlxalq
məkanda yüksək qiymət verilməsini təmin etmişdir. Azərbaycan mülki
aviasiyasının uçuş heyətinin, mühəndis-texniki və digər
mütəxəssislərinin 90 faizdən çoxu MAA-nın məzunlarıdır.
Akademiyanın məzunları təkcə Azərbaycanın mülki aviasiya sistemində
deyil, ölkə iqtisadiyyatının digər sahələrində, xarici
aviaşirkətlərdə və aviasiya müəssisələrində fəaliyyət göstərərək
kifayət qədər yüksək hazırlıq səviyyəsi nümayiş etdirirlər.
Aviasiya akademiyası təhsil səviyyəsi, tələbə və məzunların
uğurları, elmi və praktiki nəticələri ilə haqlı olaraq fəxr
edir.

Azərbaycanın Milli Aviasiya Akademiyası rektor, Akademik Arif
Mir Cəlal oğlu Paşayevin yaratdığı təhsil, elm, istehsalat və
təcrübənin qarşılıqlı səmərəli əlaqəsinin parlaq nümunəsidir.

Teqlər: