Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər Kubokunda yarımfinal mərhələsi başa çatıb.
AzerTimes xəbər verir ki, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışın bu mərhələsində rinqə çıxan Azərbaycan millisinin 5 üzvünün hər biri qələbə qazanaraq finala yüksəlib.
46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov yarımfinalda Maksimillian Plaçetkanı (Çexiya) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Nəzərov finalda komanda yoldaşı Faiq Mollayevlə qarşılaşacaq. Mollayev yarımfinalda Nikolas Bonkdan (Rumıniya) üstün olub – 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28).
50 kq-da Tağı Nəsibov italiyalı Françesko Krusillanı 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, finalda Daniel İrofte (Rumıniya) ilə üz-üzə gələcək.
54 kq-da yer alan Məhəmmədəli Aşırəliyev finala gedən yolda Lukas Kuçera (Çexiya) üzərində 5:0 (30:27, 30:26, 30:27, 30:26, 30:25) hesablı qələbə qazanıb. Boksçu çempionluq üçün Aydar Kadirxanla (Qazaxıstan) qüvvəsini sınayacaq.
57 kq-da Məhəmmədəli Qasımzadə də komanda yoldaşlarının uğurunu davam etdirib. Viktorio İlyevə (Bolqarıstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn idmançı həlledici qarşılaşmada rəqibi Arun Tudoroiu (Rumıniya) ilə görüşəcək.