Millət vəkili Sevil Mikayılova 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Xaçmazda Heydər Əliyev Mərkəzində ictimai fəal qadınlarla görüş keçirib.
AzerTimes-ın məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərovanın da iştirakı ilə təşkil edilən işgüzar görüşdə xanımları bayram münasibətilə təbrik edən S.Mikayılova Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin mərkəzində vətəndaş rifahının daim öndə durduğunu və məhz bunun nəticəsi olaraq Azərbaycan qadınlarının da ictimai rolunun günü-gündən cəmiyyətdə artdığını qeyd edib. Millət vəkili həmçinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qadınların ictimai fəallığının daha da yüksəlməsi istiqamətində təqdirəlayiq və misilsiz fəaliyyətini vurğulayıb.
Görüşdə iştirak edən xanımlar da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət və səmimi qayğı ilə əhatə olunduqları üçün minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra S.Mikayılova bütün Azərbaycanda, eləcə də Xaçmazda qadınların ictimai fəaliyyəti üçün dövlət tərəfindən yaradılmış şəraitdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün hüquqi baza və hər cür imkanların mövcud olmasından, qadınların cəmiyyətdəki vacib rolundan bəhs edib, həmçinin onları narahat edən məsələləri dinləyib.
Tədbirdə özəl biznes qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımların problemləri və bu problemlərin həlli istiqamətində konkret tədbirlər müzakirə edilib. Millət vəkili rayonda xüsusən xalçaçılıq, toxuculuq, dərzilik, əl işləri ilə məşğul olan qadınlar üçün müvafiq iş yerlərinin yaradılması istiqamətində intensiv işlərin aparılmasının vacibliyini nəzərə çatdırıb.
Çox məhsuldar keçən görüşdə xanımlar onları narahat edən problemlərin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq, həlli istiqamətində görülən işlərə görə dövlətə minnətdarlıqlarını ifadə ediblər.