Millət vəkili Sevil Mikayılova Xaçmaz rayonu ilə bağlı bəzi xərclərin dövlət büdcəsində nəzərə alınmalı olduğunu bildirib

Dövlət büdcəsinin layihəsi kifayət qədər peşəkar hazırlanıb. Ancaq bir sıra məsələlərin vacibliyini diqqətə çatdırmaq istəyirəm.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

S.Mikayılova bildirib ki, ilk olaraq Xaçmaz rayonunda məktəblərin təmirinə və tikintisinə çox böyük ehtiyac var. Rayonda çox sayda məktəbin qəzalı vəziyyətdə olması sakinlərdə narahatlıq yaradır:

“İkinci önəmli məsələ isə Xaçmaz rayonunun yolları ilə bağlıdır. Xaçmaz rayonunun yol təsərrüfatının yenilənməsinə çox böyük ehtiyac var. Dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə etdiyimiz müraciətlərə cavab olaraq bildirilib ki, maliyyə ayrılacağı təqdirdə bu işlər aparılacaq. Buna görə xahiş edirəm ki, yol təsərrüfatının yenilənməsi üçün vəsaitlərin ayrılması məsələsinə yenidən baxılsın,” – deyə deputat vurğulayıb.

S.Mikayılova həmçinin bildirib ki, Xaçmaz rayonunda əhalini narahat edən digər önəmli məsələ xəstəxananın tikintisi ilə bağlıdır. Bu məsələ ilə bağlı da müvafiq qurumlara müraciətlər olunub. Həm TƏBİB, həm də Səhiyyə Nazirliyi xəstəxananın tikintisi üçün vəsait olmadığını bildirib:

“Nəzərinizə çatdırmaq istərdim ki, Xudatda 20 min əhalinin xəstəxana çatışmazlığına görə səhiyyə xidmətlərinə əlçatanlığı çətinləşib. Bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur. Xahiş edirəm ki, bütün bu sadalanan məsələlər dövlət büdcəsinin xərclərində nəzərə alınsın,” – deyə Milli Məclisin deputatı qeyd edib.

Teqlər: