Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüş keçirib.
AzerTimes-ın məlumatına görə, mütəmadi olaraq seçicilərlə görüşən millət vəkili bu dəfə rayonun Aşağıoba, Seyidlikəndyeri, Nabran, Tel kəndlərində, həmçinin İstisu qəsəbəsində olub.
S.Mikayılova Aşağıoba kəndində şəhid Dadaşov Zaur Zümrüd oğlunun ailəsi ilə görüşüb, həmçinin Aşağıoba kənd şəhidlərinin xatirə bulağını ziyarət edib.
Deputatın sakinlərlə keçirilən görüşlərində daha çox səsləndirilən məsələ isti yay aylarında suvarma suyunun verilməsində yaranan problemlərlə bağlı olub. Eləcə də, yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemlər və digər şəxsi məişət xarakterli müraciətlər dinlənilib. Müraciətlərin əksər hissəsi yerindəcə aidiyyəti qurumlarla həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.
Seçicilər qaldırdıqları məsələlərin millət vəkilinin təşəbbüsü ilə qısa zamanda həllini tapacağına ümid etdiklərini ifadə ediblər.