Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin giziri İbrahim Sadıqlının anası Zərnigar Sadıqova və Şahin Sadıqovla görüşüb.
AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid valideynlərinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.
Q.Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssas yanaşmasından danışıb, həmin diqqət-qayğının, həssasiyyətin hər bir millət vəkili, dövlət qulluqçusu, vətəndaş cəmiyyəti fəalı, iş adamı və ziyalı – bir sözlə, hər kəs üçün örnək təşkil etdiyini söyləyib. O, əziz bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma görüş olduğunu bildirib, şəhid gizirin əziz ruhuna ehtiramını bildirib.
Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşü hər bir aydın, hər bir iş adamı və vətənpərvər insan üçün bir mənəvi borc kimi xarakterizə edib, şəhid gizirin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidimizin anası Zərnigar xanımı, onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid gizirin ailəsinə bayram hədiyyələri təqdim edilib.