Millət vəkili şəhid komandonun anası ilə görüşdü

Millət vəkili şəhid komandonun anası ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda Vətən müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Fuad Əliyevin anası Rəsmiyyə xanım Əliyeva ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə şəhid anasının qayğı və istəkləri dinlənilib.

Fuad Əliyevin qəhrəmanlığı haqqında bilgilərlə tanış olduğunu bildirən millət vəkili şəhid hərbçimizin əziz ruhuna dərin ehtiramını bildirib.

Q.Paşayeva qəhrəman şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Fuad Ramin oğlu Əliyev (10.05.2001, Aşağı Öysüzlü, Tovuz – 11.11. 2020, Şuşa) 2007-2018-ci illərdə Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Fuad Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut (Ağoğlan), Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

Şəhid Fuad Əliyev doğma kəndində torpağa tapşırılıb.

F.Əliyev “Azərbaycan Bayrağı” ordeni ilə yanaşı, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə də təltif olunub.

Ruhu şad olsun!

Teqlər: