12-ci dövr parlament seçkilərində diskvalifikasiya edilən təbrizli millət vəkili Məsud Pezeşkianın İran parlamentinin iclas zalında idman etməsi media və sosial media kanallarında geniş müzakirələrə səbəb olub.
AzerTimes xəbər verir ki, tənqidçilər Məsud Pezeşkianın parlament zalında iclas başlamadan əvvəl yeriyib, qaçaraq idman etməsini hökumət qurumuna qarşı hörmətsizlik kimi təqdim edirlər.
Azərbaycanlı nümayəndə isə buna sərt reaksiyası verərək, tənqidçiləri qərəzlilikdə ittiham edib:
“Həyatımı işimə həsr etmişəm, başqaları kimi sui-istifadə edib, pul qazanmamışam, övladlarımı müxalifi olduğum xarici ölkələrə göndərməmişəm. Həyatım və fəaliyyətim tam şəffaf olub”,- Pezeşkian bildirib.
Qeyd edək ki, Məsud Pezeşkianın idman videosunda başqa millət vəkillərinin telefonda oyun oynadıqları, bəzilərinin mürgülədikləri görünür.
Xatırladaq ki, İran parlamentinin 12-ci dövr seçkilərində təbrizli nümayəndələr Məsud Pezeşkian, Əhməd Əlirzabeygi və Əlirza Munadi diskvalifikasiya ediliblər.