YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə onlayn formatda görüş keçirib.
Ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edən millət vəkili böyük iftixarla bildirib ki, gənclərimizə gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq.
Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini bir daha təsdiq etdi. Bu gün demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə, gənclərə etimad göstərilməsinə diqqət çəkən Naqif Həmzəyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşür.
Adətən cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Məhz bunu üçün gənclərimiz yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikri öz aktuallığını qoruyub saxlayır.
Görüşdə dövlətin gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratdığı qeyd edilib.
Gənclər də öz növbələrində dövlətin yaratdığı münbit şəraitdən istifadə etməklə həyatda özlərini təsdiq edəcəklərini. onlara yaradılan imkanlardan səmərəli faydalanacaqlarını vurğulayıblar.