Millət vəkili Milli Qəhrəmanının xanımı ilə görüşdü

Millət vəkili Milli Qəhrəmanının xanımı ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Axıska kökənli şəhid Milli Qəhrəmanı İsgəndər Aznaurovun xanımı ilə görüşüb.

AzerTimes xəbər verir ki, Milli Qəhrəmanın xanımı ilə görüşün onunçün xüsusi önəm daşıdığını bildirən Q.Paşayeva İsgəndər Azanurovun adının hələ öz sağlığında, I Qarabağ müharibəsi dönəmində əfsanələşdiyini deyib.

“Bu il Milli Qəhrəmanımızın şəhid olmasının 30-cu ildönümüdür. Ruhu qarşısında dərin ehtiramla baş əyirik. Qəhrəman həyat yoldaşınızın adı heç vaxt undulmayıb, onun qəhrəmanlığı çağdaş gənc nəsillərin də, inanıram ki, gələcək nəsillərin də örnək aldığı qəhrəmanlıqdır.

Şəhidlərimizin qanı yerdə qalmamışdır. 44 günlük müharibədə qazandığımız tarixi Zəfər Qəhrəman həyat yoldaşınızın, onun şəhid olan bütün silahdaşlarının ruhunu şad etmişdir”, – millət vəkili bildirib.

Qəhrəmanın xanımı səmimi görüş, fikir mübadiləsi üçün komitə sədrinə təşəkkür edib.

Q.Paşayeva Milli Qəhrəmanın xanımına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Bakıdakı Gözəl Yaşam Mərkəzində baş tutan görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Qeyd edək ki, İsgəndər Aznaurov 67 il öncə qardaş Özbəkistannın qədim Buxara vilayətinin Qala-Asiya kəndində Axıska türkü ailəsində dünyaya gəlib. 1963-cü ildə orada məktəbə gedib və 1973-cü ildə məktəbi bitirib. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olub, 1983-cü ildə ali təhsilini başa vurub. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisində, keçmiş SSRİ mərkəzi kəşfiyyat orqanının əli ilə törədilmiş qanlı olaylardan sonra yüzminlərlə Axısqa türkü kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda işləyib.

Ermənistan işğalçılarının öz havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan öncə İsgəndər Aznaurov top atəşi ilə düşmən postunu məhv edib.

İsgəndər Aznaurov “N” saylı hərbi hissənin Artilleriya üzrə komandir müavini təyin olunmuşdu. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhz o, məhv edib.

18 aprel 1993-cü ildə Örükdada düşmənin 13 texnikasına qarşı İsgəndər Azanurov cəmi 3 növ texnika ilə vuruşub. Sağlıq durumunda problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edən İsgəndər Azanurov daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə – döyüşlərin ən qızğın hissəsinə yollanıb. Orada gedən atışmalar zamanı İsgəndər Aznaurovun topu düşmən hədəfinə tuş gəlib və cəsur topçu qəhrəmancasına həlak olub.

Qəhrəmanın 2 qızı, 1 oğlu yadigar qalıb.

Ruhu şad olsun!

Teqlər: