Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olmuşam. Bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hər birimizi narahat edən çatışmazlıqlar var.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkli əlavə edib ki, bunun üçün ölkədə ciddi məhkəmə hüquq islahatlarının aparılmasına ehtiyac duyulur:
“Yəni Ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmık lazımdır. Milli Məclis açıq danışmaq lazımdır ki, problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir. Ona görə də Ombudsman daha yaxşı olardı ki, mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin və onlardan gələn qanunları, Ombudsmanı əmin edirəm ki, biz burada təsdiq edib geri qaytaracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzaladı. Amma o islahataların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.
Millət vəkili əlavə edib ki, ədliyyə sisteminə yeni nəfəs verilməlidir:
“Biz vaxtilə məhkəmə ekspertizası haqqında qanun qəbul elədik. Özəl məhkəmə ekspertlərinin yaradılmasına yaşıl işıq yandırdıq. Amma bu günə qədər bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, Azərbaycanda ibtidai həbs müddətinin uzunluğu təqribən 1 il 9 aydır. Bu, olduqca böyük bir zamandır. Əgər kifayət qədər əsaslar yoxdursa, şəxs niyə həbs olunur? O zaman subutlar toplanmalıdır. Yox əgər kifayət qədər sübutlıar toplanıbsa, onda şəxs həbs olunandan sonra istintaq niyə bu qədər davam edir? Ona görə də düşünürəm ki, bu istiqamətdə fundamental dəyişikliklər edilməlidir. Azərbaycanda istintaq aparan 8 orqan var. Hər orqan özünə istintaq idarəsi yaradıb. Yəni elə təəssürat yaranır ki, Azərbaycanda az qala elə bir nazirlik, xidmət yoxdur ki, özünün istintaq orqanı olmasın. Yəni vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır”.
Millət vəkili həmçinin bildirib ki, məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət ki, son qoyulmalıdır:
“Xatırlayırsınızsa, mən Ombudsmanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o, bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir iş heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə mən Azərtac-ın müxbiri Aygün Əliyeva ilı bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. İclaslar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Baxmayaraq ki, konstitusiyada yazılıb ki, ilk növbədə, qərarlar, hökmlər, qətnamələr ədalətli olmalıdır. Ədalətli və qanuna əsaslanan qərarlar. Bunu yalnız iclaslar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı Ombusmanın görə biləcəyi iş azdır. Onun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik”.