Millət vəkili Könül Nurullayeva şəhid ailələrinə baş çəkib (FOTO)

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonundan olan şəhidlərin ailələrinə ziyarətlərini davam etdirir, onların valideynləri və əzizləri ilə söhbətləşərək dərdlərinə ortaq olmağa çalışır.

Deputat Qərargahından AzerTimes-a verilən məlumata görə, görüşləri zamanı şəhid ailələrinə dərin hüznlə başsağlığı verən millət vəkili Qarabağın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından, qanından keçərək şəhadətə ucalan igidlərimizi Azərbaycan xalqının heç bir zaman unutmayacağını bildirir, onlara mənəvi dəstəyini nümayiş etdirir.

Belə ki, K.Nurullayevanın ailəsinə baş çəkdiyi şəhidlərdən biri Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rəşad Həsənlidir. O, Vətən müharibəsində Hadrut qəsəbəsinin, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuşdur. Rəşad Həsənli döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə icra etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ölümündən sonra “İgidliyinə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülmüşdür.

Digər bir şəhidimiz isə Murov zirvəsinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik göstərən mayor İlkin Rzayevdir. “Murov aslanı” ləqəbi ilə tanınan igidimiz 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən çıxardığına görə “Kəlbəcərin azad olunmasına görə” medalına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür.

Millət vəkilinin ailəsini ziyarət etdiyi Əsəd Əsədli isə Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik və cəsarət göstərmişdir. O, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülmüşdür.


K.Nurullayevanın ailəsini ziyarət etdiyi digər bir şəhid Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Abasovdur. O, keçən il sentyabr ayının 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan əks-hücum əməliyyatında qəhrəmancasına iştirak etmişdir. Elvin Abasov döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Qələndər Alıyev isə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmiş, vətən uğrunda canından, qanından keçərək şəhadətə yüksəlmişdir. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə icra etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “Suqovuşanın azad olunmasına görə”, və “Vətən uğrunda” medallarına layiq görülmüşdür.

Son olaraq nəzərinizə çatdıraq ki, deputat Könül Nurullayeva həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirən zaman qəzaya uğraması nəticəsində şəhid olan kapitan Qaraisayev Teymur Ənvər oğlunun da yas mərasiminə baş çəkmiş, onun əziz xatirəsini yad etmiş, ailəsinə dərin hüznlə başsağlığı vermişdir.

Teqlər: