Birləşmiş Ərəb Əmirliklərində Tolerantlıq və Sülh üzrə
Beynəlxalq Parlamentin (TSBP) Beynəlxalq əlaqələr komitəsinin ilk
iclası baş tutub. Milli Məclisin deputatı Könül Nurullayeva da
komitə üzvü kimi iclasda iştirak edərək, fikir və düşüncələrini
bölüşüb.
AzerTimes-ın
məlumatına görə, dünyada tolerantlıq və sülh dəyərlərinin
qorunmasının vacibliyini vurğulayan deputat bu məsələdə TSBP-nin
məsuliyyətini xatırladıb, yeni təsis edilmiş komitənin dəqiq
fəaliyyət planının hazırlanması, təşkilatın beynəlxalq hüdudlarının
genişləndirməsi istiqamətində təkliflər irəli sürüb.
K.Nurullayeva Azərbaycan 2020-ci ildə qazandığı Böyük Qələbəni
də xatırladıb. Bildirib ki, Azərbaycan 44 gündə 30 illik işğala son
qoydu. Könül Nurullayeva, azad olunmuş ərazilərdə mina təhlükəsinə
toxunub: “TSBP-nin üzvlərinin də sözügedən ərazilərdə mina
təhlükəsinin qarşısının alınması istiqamətində göstərəcəyi dəstək
və vətəndaşlarımızın qısa zaman kəsiyində öz ata-baba yurdlarına
geri dönməsinə veriləcək töhfə olduqca önəmlidir”, – deyə deputat
bildirib.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin IX
plenar sessiyası çərçivəsində keçirilən silsilə görüşlər mart
ayının 29-u başa çatacaq.