Çempionlar Liqasının qrup mərhələsinin sonuncu VI turunda italiyanın Milan şəhərinin eyni adlı klubu İngiltərənin “Liverpul” komandasına 1:2 hesabı ilə məğlub olub.
Trend xəbər verir ki, qonaqlardan Məhəmməd Salah (36-cı dəqiqə) və Divok Oriqi (55) fərqlənib. Milanın yeganə qolunu Fikayo Tomori 29-cu dəqiqədə vurub.
B qrupunun digər matçında İspaniyanın “Atletiko” komandası Portuqaliyanın “Portu” klubunu 3:1 hesabı ilə məğlub edib. Antuan Qrizman (56), Anxel Korrea (90), Rodriqo De Paul (90+2) “Portunun” qapısına yol tapıb. Serxio Oliveyra 90+5-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxa bilib.
Beləliklə, “Liverpul” altı oyunda altı qələbə qazanaraq qrup qalibi kimi pley-off mərhələsinə çıxıb. İkinci yeri “Atletiko” tutub, İspaniya klubu yeddi xal toplayaraq qrupda ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb. “Portu” gücünü UEFA Avropa Liqasında sınayacaq, “Milan” isə avrokuboklarla vidalaşıb.
Dekabrın 13-də Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 2022-ci il fevralın 15, 16, 22 və 23-də keçiriləcək. Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları 2022-ci il fevralın 17-də keçiriləcək.