MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında iclası keçirilib.

MİDA-dan AzerTimes-a bildirilib ki, iclası giriş nitqi ilə açan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad edərək Azərbaycanın ərazi bütövlüyünün bərpa etməsini müstəqillik tariximizə qızıl hərflərlə yazılmış ən şərəfli səhifələrdən biri olduğunu bildirdi. O, qeyd etdi ki, Vətən müharibəsinin ilk günündən hər bir vətəndaşımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək Azərbaycan xalqının sarsılmaz milli birliyini və mübarizliyini dünyaya nümayiş etdirdi.

İdarə Heyətinin sədri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf təmin edilmiş, vətəndaşların maddi rifahı ildən-ilə yaxşılaşmışdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edən Sadiq Sadıqov 2020-ci ilin Agentliyin fəaliyyətində bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğuladı.

Bildirildi ki, ötən ilin əvvəlində MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin satışı tam başa çatdırılmış və ümumilikdə 1633 ailə güzəştli mənzilə sahib olmuşdur.

2020-ci ilin mart ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin açılışı olub. Bu kompleksdə ilk yeddimərtəbəli binanın təməli 2017-ci ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Hövsan Yaşayış Kompleksində mənzillərin sayı 2962 ədəddir. Kompleksdə 1920 yerlik tam orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi inşa olunmuşdur. 2020-ci ildə Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin 3 satışı həyata keçirilmişdir. Vətəndaşlara təklif olunan mənzillərdən 813-nün rəsmiləşdirilməsi başa çatdırılmışdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir.

Ötən il Azərbaycan Respublikası Prezidentinin 07.05.2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olundu. Belə ki, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə etdi. Bununla yanaşı, yeni –“ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilirlər.

Bildirildi ki, 2020-ci ilin fevral ayında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə 986 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və 1176 yerlik yeni tam orta məktəb binası, 125 yerlik uşaq bağçası daxildir. Ötən ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, cəmi 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir.


MİDA-nın növbəti layihəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılır. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

MİDA-nın sərəncamında olan mənzillərin əldə olunması üçün vətəndaşların müraciəti və mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin bu günə olan ümumi sayı isə 16 583 nəfərdir.

Sadiq Sadıqov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” uyğun olaraq MİDA tərəfindən 2020-ci ildə növbəti dövlət sifarişinin reallaşdırılmasına başlamışdır. Müvafiq qurumların müraciətlərinə əsasən Hövsan Yaşayış Kompleksində 742 mənzil, Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 66 mənzil, Gəncə Yaşayış Kompleksində isə 153 mənzil olmaqla, ümumilikdə 961 mənzil hesabat ilində dövlət sifarişi əsasında ayrılmışdır. 2019-cu ildə ayrılmış 436 mənzili də nəzərə alsaq ümumilikdə Agentliyin layihələrindən 1397 mənzil dövlət sifarişi əsasında ayrılmışdır. Həmin mənzillərdən 987-nin rəsmiləşdirilməsi 2020-ci il ərzində tamamlanmışdır. Beləliklə, 2020-ci il ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə 898, dövlət sifarişi əsasında isə 987 olmaqla, ümumilikdə 1885 mənzil vətəndaşlara təqdim edilmişdir.

Ötən il “Güzəştli mənzil” sisteminin beynəlxalq patentinin qeydiyyata alınması ilə əlaqədar işlər davam etdirilmişdir. Bununla bağlı müraciət Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qəbul edilmiş və təşkilatın rəsmi internet səhifəsində iddia ərizəsi, həmçinin beynəlxalq axtarışa dair hesabat və beynəlxalq axtarış üçün məsul qurumun ixtira barədə ilkin rəyi dərc edilmişdir. Daha sonra Rusiya Federal Əqli Mülkiyyət Agentliyi (“Rospatent”) tərəfindən beynəlxalq axtarış ilə bağlı hesabat və ilkin rəy təqdim edilmişdir. Hazırda, Rusiya Federal Əqli Mülkiyyət Agentliyi tərəfindən Patent kooperasiyası haqqında müqaviləyə uyğun olaraq iddianın beynəlxalq ilkin ekspertizası davam etdirilir.

2020-ci ilin dekabrında nüfuzlu “Springer International Publishing” nəşriyyatı tərəfindən nəşr olunan “İslam Dünyasında Sosial Siyasət” (Social Policy in the Islamic World) adlı kitabda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən uyğun qiymətə mənzil təminatı proqramına da yer verilib. Vətəndaşların mənzil təminatına əlçatanlığının gücləndirilməsi baxımdan təqdim edilən proqram çərçivəsində görülən işlər təsvir edilib. Kitabda aztəminatlı ailələrin mənzillərə əlçatanlığının genişləndirilməsi baxımdan MİDA-nın fəaliyyətinin çox uğurlu olduğu qeyd edilib. Azərbaycanda reallaşdırılan uyğun qiymətə mənzil təminatı layihəsinin islam ölkələri üçün bir model kimi təqdim olunması ölkə başçısının rəhbərliyi altında əldə edilmiş uğurların qlobal təqdimatı baxımından vacibdir.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.

Teqlər: