Microsoft rüblük gəlirini açıqladı

Microsoft rüblük gəlirini açıqladı

Bir çox şirkətlər kimi, bu günlərdə “Microsoft” korporasiyası da növbəti rüblük hesabatını dərc edib. “Microsoft” üçün 2017-ci maliyyə ilinin birinci rübü martın 31-də yekunlaşıb.

Hesabat dövrü “Microsoft”a 22,090 milyard dollar gəlir gətirib. Bir il öncə bu göstərici 20,531 milyard dollar olub.

Şirkətin bu ilin yanvarından martına qədər əldə etdiyi əməliyyat gəlirləri ötən illə müqayisədə 5,283 milyard dollardan 5,594 milyard dollara qədər artıb. Şirkətin xalis mənfəəti 4,801 milyard dollar olub. Bir il öncə bu göstərici 3,756 milyard dollara bərabər olub.

Gəlirlərin bölmələr üzrə bölüşdürülməsi isə belədir: “Productivity and Business Processes” bölməsi gəlirlərini bir ildə 22 faiz artıraraq 8,0 milyard dollara, “Intelligent Cloud” bölməsi 11 faiz artıraraq 6,8 milyard dollara çatdırıb. “More Personal Computing” bölməsinin gəlirləri isə 7 faiz azalaraq 8,8 milyard dollar təşkil edib.

Hesabatı tərtib edənlər qeyd edirlər ki, səhmlərin alınması və dividentlərin verilməsinə rüb ərzində 4,6 milyard dollar vəsait xərclənib.