Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniya kəşfiyyatının (Mİ6) şefi Riçard Murla görüşü Ermənistan ictimai rəyində hələ də müzakirə olunur. Ermənistan müxalifətini, xüsusilə daşnak və revanşistləri narahat edən Murun Paşinyana Azərbaycanın maraqlarının qəbul edilməsi üçün təsir etməsi qorxusudur. Paşinyana müxalif media iddia edir ki, Mur Azərbaycan və Türkiyəni dəstəkləyir. Hətta Britaniyanın kəşfiyyat şefinin Böyük Turan ideyasını dəstəklədiyini hesab edirlər.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu kontekstdə “Hraparak” nəşrinin yazdıqları xüsusilə diqqət çəkir.
Nəşr yazır ki, beynəlxalq diplomatik etiketə görə dövlət başçıları başqa dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmür, amma problem bundan deyil:
“Problem ondadır ki, Paşinyanla Murun görüşündə nələrin müzakirə edildiyi haqda məlumat yoxdur. Daha doğrusu, Riçard Murun bu dəfə Paşinyana nə tapşırdığı məlum deyil, çünki kəşfiyyat rəhbərləri məsələləri müzakirə etmir, yalnız özlərindən asılı olan şəxslərə göstərişlər verirlər”.
Nəşr Riçar Murun tərcümeyi-halına diqqət çəkir və onun Böyük Turanın yaradılmasının tərəfdarı olduğunu iddia edir.
“Mur 2003-2005-ci illərdə Türkiyədə yaşayıb və işləyib. 2014-2018-ci illərdə Britaniyanın Türkiyədəki səfiri olub. Onun fəaliyyəti dövründə Türkiyə və Britaniya əlaqələri inkişaf edib. Mur müxtəlif məqalə və müsahibələrində Böyük Turan ideyasnı tərifləyib. O hesab edir ki, Türkiyənin bölgədə güclənməsinə töhfə vermək, bununla da Rusiya, İran və Çini sıxışdırmaq lazımdır. Məlumatlara görə, Mur Ərdoğanla tez-tez Qarabağ məsələsini müzakirə edib. 2020-ci il müharibəsinin başa çatmasından iki gün sonra – 11 noyabrda Riçard Mur Britaniya kəşfiyyat xidmətinin rəhbəri kimi Ankaraya səfər edib və burada Türkiyə prezidentinin mətbuat katibi ilə (həmin vaxt İbrahim Kalın idi-red) Qarabağ məsələsini müzakirə edib.
Onlar yəqin ki, qələbəni qeyd etmək üçün görüşmüşdülər. Riçard Mur ilk dəfə 2022-ci ildə Ermənistana səfər edib, Paşinyan və Armen Qriqoryanla görüşüb. Təsdiqlənməmiş məlumata görə, o, Cermukda (İstisu) da olub. Münxen görüşündən əvvəl Mur Londonda Qriqoryanı qəbul etmişdi, orada da nələrin müzakirə edildiyi haqda ətraflı məlumat verilməyib. Mur Qərbin hərbi-siyasi elitaları arasında kəskin döyüşkən və anti-Rusiya əhval-ruhiyyəsi ilə tanınır. Onun Ermənistanın yüksək rütbəli məmurları ilə görüşləri nə qədər tez-tez baş verirsə, sonuncular diaqonal hərəkət edir, Rusiya ilə körpüləri yandırır. Turançılıq tərəfdarının göstərişlərini yerinə yetirmək üçün Ermənistanın nə edəcəyini ehtimal etmək olar. Ermənistanı Turanın alətinə, qurbanına çevirirlər. Bunun nəticələri Ermənistan üçün dağıdıcı olacaq”, – nəşr iddia edir.