Məzmunu dəyişmək üçün ilk növbədə riyaziyyat müəllimləri məsələ qaldırmalıdır – Nazir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Dərslikdə hərf səhvi tapıb, onun şəklini sosial mediaya qoymaq asandır. Cəmiyyət hər zaman bundan danışmaq istəyir ki, dərslikdə nə qədər hərf səhvi var, heç dərslikdə də qrammatik səhv olarmı? Lakin dərsliyi insanlar yazır, insanlar da hər zaman səhv edir.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, il ərzində 300-ə qədər dərslik cildindən istifadə edilirsə, onun hər biri 100 səhifədən ibarətdirsə, orada 1-5 hərf səhvi olacaq: “Biz cəmiyyət, təhsil ictimaiyyəti olaraq, özümüzdə cəsarət tapıb düşünməliyik ki, dərslikdə hərf səhvi olanda olur. “Amma dərsliklərin mahiyyəti nədir? Orada yazılanlar sabah uşağa lazım olacaqmı?” suallarını eşitməyə daha maraqlıyıq. Bu suallar bizim üçün daha çətin suallardır”.


E.Əmrullayev əlavə edib ki, Təhsil Nazirliyi üçün dərsliyin məzmunu, müddəti ilə bağlı müzakirələrin aparılması daha maraqlıdır:

“1960-cı illərdən indiyədək tədris planlarımıza bircə informatika fənnini əlavə etmişik. Ondan sonra fənlərin adları dəyişib. Məsələn, “Azərbaycan dili” “Oxu” ilə birləşib, ona 3 saat yox, 2 saat qoymuşıq. Demək olar ki, bizim keçdiyimiz fənlərlə övladlarımızın keçdiyi fənlər eynidir. Onların məzmunu da demək olar eynidir. Məzmunu dəyişmək üçün ilk növbədə riyaziyyat müəllimləri məsələ qaldırmalıdırlar. Onların 1970-80-ci illərdə keçdiyi məzmun bu gün əhəmiyyətini saxlayır, ya yox. Mən demirəm ki, saxlamır, bunu ədalətli hesab etmirəm. Amma gəlin, bu müzakirəni edək, sual verək ki, biz məktəbdə triqonometrik bərabərsizliklər keçirik, onu niyə keçirik? Reallıq da budur ki, uşaqlarımızın 90 faizi bunu mənimsəmir. Buna bir cavab “sizə görə mənimsəmir”lərdir. Mən bütün günahları öz üzərimə götürsəm, uşaqlar yenə də onu mənimsəməyəcəklər. Çünki uşaqlar 10-20 il əvvəl də bunu mənimsəmirdilər. Məncə, bu problemi qəbul edib, ona cavab vermək daha çətindir, nəinki illər boyu dərsliklərdəki səhvlərdən danışmaq”.

Teqlər: