Bu gün tanınmış jurnalist, yazıçı-publisist, Azərbaycan Mətbuat
Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə
ilə vida mərasimi keçirilib. Ölkənin jurnalist və idman
ictimaiyyətinin nümayəndələrinin qatıldıqları mərasim Masazır
qəsəbəsində mərhumun yaşadığı evin qarşısında olub.
Şuradan AzerTimes-a bildirilib ki, toplantıda çıxış edən “Xalq
qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu M.Süleymanzadəni
peşəkar jurnalist, eyni zamanda ziyalı kimi xarakterizə edən
cəhətlərdən söz açıb, onunla birgə çalışdığı illərə ekskurs edərək
bildirib ki, mərhum qələm sahibi həmişə sözün təəssübünü çəkib,
eyni zamanda sözün milli maraqlar naminə işlədilməsində fədakarlıq,
qorxmazlıq göstərib.
T.Aydınoğlunun fikrini davam etdirən Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, M.Süleymanzadə
tarixin ən çətin dövründə meydanda qalmağı bacarmış mətbuat
təmsilçilərindəndir. M.Süleymanzadənin əzmkarlığı ilə ərsəyə gəlmiş
“Səhər” qəzeti 20 yanvar faciəsi ilə bağlı reallıqların Azərbaycan
cəmiyyətinə çatdırılmasında müstəsna rol oynaylb. Nəşrin faciəni
əks etdirən sayı iki milyon tirajla işıq üzü görüb ki, bu,
Azərbaycanın mətbuat tarixində təkrarsız göstəricidir.
Ə.Amaşov eyni zamanda bildirib ki, işgüzarlığını və
əməksevərliyini jurnalistikamızın maraq və mənafeləri baxımından
səfərbər etməkdən zövq almış, buna haqq işi kimi yanaşmış
M.Süleymanzadə Azərbaycan Mətbuat Şurasının tərkibində Ahıl
Jurnalistlər Məclisinin formalaşdırılmasının fəal
təşəbbüskarlarından olub. Bu məclis işini ömrünü-gününü peşəsinə
həsr etmiş veteran jurnalistlərin yada salınması, onların örnək
həyat yolunun gənc nəslə çatdırılması missiyasını yerinə yetirməklə
nəcib və xeyirxah təşəbbüslərə imza atıb. MŞ sədri çıxışında
həmçinin qeyd edib ki, M.Süleymanzadənin mənalı həyat yolu
jurnalistikaya çoxşaxəli fəaliyyət sahəsi baxımından yanaşmanın
örnək sayıla biləcək nümunəsidir.
İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov
M.Süleymanzadəni əsl dost, həmkar kimi xarakterizə edən
keyfiyyətlərə diqqət çəkib. Onun yoxluğunun bütövlükdə Azərbaycan
jurnalistikası üçün ağır itki olduğunu vurğulayıb.
Toplantıda çıxış edənlər M.Süleymanzadə şəxsiyyətini bütövlük,
mərdlik nümunəsi, jurnalistikaya sədaqət, qəlbən bağlılıq nümunəsi
kimi dəyərləndirib, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Məzahir Süleymanzadə bu gün 69 yaşında vəfat edib.
O, Mərdəkanda ailə qəbistanlığında torpağa tapşırılıb.