“Səbail”in futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Report-a paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır:
“Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcəklər”.
O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.
Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.