Xəbər - Samir Əli – Trend:
2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator
alınaraq quraşdırılacaq.
Bunu AzerTimes-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar
Cəmiyyətinin Elektromexaniki xidmətinin rəisi Nüsrət Abdullayev
deyib.
O bildirib ki, bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki
“Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb.
“Qeyd edilməlidir ki, ventilyasiya sisteminin səmərəli
fəaliyyəti metropolitenin tunel və stansiyalarında sərnişin
təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu
səbəbdən istismar müddətini başa vuran havalandırma qurğularının
yenilənməsi və digərlərinin təkmilləşdirilməsi davamlı aparılan bir
prosesdir.
Son illərdə bu istiqamətdə mühüm addımlar atılaraq,
metropolitendə ventilyasiya sisteminin, o cümlədən qurğu və
avadanlıqların dövrün texnoloji tələbləri səviyyəsində
müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ildə
ventilyatorların çalışmasının dövrü qrafikinin fəsillər prinsipi
ilə tənzimlənməsi, sonrakı il 7, 2020-2021-ci illərdə isə 10 yeni
sənaye ventilyatorunun tətbiqi bu mənada həlledici
yeniliklərdəndir.
Rusiyanın “Ventprom” şirkəti ilə müqavilə bağlanmasına qədər
“Bakı Metropoliteni” QSC dünyada bu sahədə fəaliyyət göstərən
müəssisə və sistemləri dərindən araşdıraraq, ən optimal variantı
seçib. Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki
parametrləri ilə dünyadakı digər analoqlarından üstün və səmərəsi
ilə seçilir. Bununla yanaşı, bu avadanlıq iqtisadi cəhətdən də daha
münasibdir. Onun texniki qulluğu, təmir-təftiş prosesi daha
rahatdır. Elektrik enerjisinə daha çox qənaət edir və idarəetmə
şkafları tezlik çevricilidir. Şirkət server qulluğunu digər əcnəbi
istehsalçılarla müqayisədə bir neçə dəfə tez – iki həftə ərzində
yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır.
Qeyd edilənlərlə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki
tapşırıqları əsas götürülməklə, yerli tələbata uyğunluğa, ələlxüsus
Azərbaycan paytaxtının iqlimi, metropolitenin geoloji,
infrastruktur şəraiti və digər texniki məsələlərə diqqət
yetirilməsi baxımından da “Ventprom”un məhsulları uyğunluğu ilə
seçilir.
Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd
edilən avadanlıqlardan daha güclü olan 4-ü “VOM 24-R” tipli olmaqla
75 kVt gücə malikdir. Onlar tunellərin havalandırılması üçün
nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla “VOM
20” tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin
havalandırılmasına xidmət edəcəklər”,-xidmət rəisi bildirib.
N.Abdullayev deyib ki, əvvəlki avadanlıqlarla müqayisədə yeni
ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı
stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin
edəcək:
“Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun
olaraq, mərkəzləşmiş qaydada aparılacaq. Bu məqsədlə fiberoptik
kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə
olunacaq. Yeni ventilyatorlar həm də təhlükəsizliyin artırılması,
xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik
keçid imkanına malikdir.
Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”,
“Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər
Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində
quraşdırılacaq.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii
havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində də işlər
planlı şəkildə davam etdirilir. Bu məqsədlə, 2022-ci ildə
dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub”.