Xəbər - Samir Əli – Trend:
Bakı metropoliteninin fəaliyyətinin təmin edilməsində xüsusi əhəmiyyət daşıyan daha iki şaxtada əsaslı təmir və yenidənqurma işlərinin mühüm mərhələsi yekunlaşdırılıb.
Metropolitendən AzerTimes-a verilən məlumata görə, metro stansiyaları və tunellərin hava təminatı, eləcə də kommunikasiya əlaqələri baxımından şaxtalar vacib əhəmiyyət kəsb edir. Bu xüsusda “28 May” stansiyası və ona bitişik tunellərə xidmət göstərən iki şaxta təkcə havalandırma deyil, qatarlara hərəkət gücü verən dartı elektrik yarımstansiyasının, işarəvermə və rabitə sahələrinin kabellərinin, qrunt sularının yığılaraq, “28 May” stansiyasının yerli suvurma qurğusuna ötürülməsinə xidmət göstərir.
Metropolitenin digər şaxtalarında aparılan təmir işlərindən fərqli olaraq, burada əhəmiyyətli konstruktiv yeniliklər də tətbiq edilib. Bu tədbirlər sayəsində üç mühüm məsələ həllini tapıb. Birincisi ərazinin yol-nəqliyyat infrastrukturu ilə bağlıdır. 60-65 il əvvəl Süleyman Rəhimov küçəsində inşa olunmuş şaxta lüləsi, sonralar küçənin genişləndirilməsi nəticəsində avtomobil yolunun ortasına düşüb. Bu isə küçənin buraxıcılıq qabiliyyətini xeyli aşağı salmaqla həmin sahədə hərəkətin normal təşkilinə mane olub. İşlər çərçivəsində avtomobil yolunun ortasına düşən şaxta lüləsi 22 m kənara çəkilib. Bununla yol əhəmiyyətli dərəcədə genişlənib və avtomobillərin rahat hərəkətinə şərait yaranıb.
Şaxtanın yeni lüləsinin bir hissəsi Dəmiryol vağzalının ərazisinə düşdüyündən, “Azərbaycan Dəmir Yolları” QSC-nin razılığı və sıx əməkdaşlıq şəraitində yerinə yetirilib. Şaxta üzərində inşa olunmuş yeni köşk dövrün tələbləri və müasir materiallardan istifadə olunmaqla quraşdırılıb. Köşk Dəmiryolu vağzalının memarlıq ansamblına xələl gətirmədən, ətraf ərazinin ümumi estetik görkəminin tamamlayıcı elementinə çevrilib.
Şaxta 50 ildən artıq istismar müddətində fiziki aşınmaya məruz qaldığından yeniləşmə qaçılmaz idi. Tübinq örtüyünün qalınlığı norma ölçülərini itirmişdi. Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-konstruktor İnşaat Materialları İnstitutunun yoxlamaları lülənin istismar üçün yararsızlığını təsdiq etmişdi.
2020-ci ildə başlanmış təmir dövründə şaxtanın çuqun tübinqlərdən quraşdırılmış köhnə lülə gövdəsində, yanaşma tuneli konstruksiyasında və tunel örtüyündə əhəmiyyətli gücləndirmə tədbirləri aparılıb. Burada korroziyadan təmizləmə və üzunömürlüyün artırılması məqsədilə xüsusi boyalarla rəngləmə işləri görülüb.
Şaxta lüləsinin aşağı gövdəsi gücləndirilib, korroziyadan təmizlənib, rənglənib. Burada daimi ayaqaltılar sökülərək, daha davamlı və uzunömürlü materialdan hazırlanıb.
Həllini tapan daha iki mühüm irihəcmli vəzifə kommunikasiya sahəsi ilə bağlıdır. Əvvəlcə, dartı yarımstansiyasının kabellərinin keçdiyi şaxtanın yan tunelində xüsusi gücləndirmə tədbirləri görülüb, külli-miqdarda kabellər dəyişdirilib. 1967-ci ildən metropoliten xətlərinə xidmət göstərən bu şaxtalardan keçərək xətlərdə qatarların hərəkətini təmin edən yüksək gərginlikli elektrik kabelləri elə həmin vaxtdan bu yana ilk dəfədir yenisi ilə əvəz olunub. Bu isə hərəkətin elektrik təchizatı təhlükəsizliyi təminatı baxımından əhəmiyyətli layihələrdəndir. Bundan əlavə, rayon elektrik yarımstansiyasından gələn, habelə, 380 V və 220 V kabellər tamamilə yenilənib. Köhnəlmiş kabel konstruksiyaları kəsilərək yeniləri ilə əvəzlənib. İşıqlanma sistemi hermetik çıraqlarla yenidən qurularaq müvafiq standartlar səviyyəsinə çatdırılıb.
İşarəvermə, rabitə və digər mühüm sahələr üzrə, eyni qayda ilə yeniləmə tədbirləri görülüb. İstismar müddətini başa vurmuş kabellər demontaj edilib, yeniləri çəkilib. Tədbirlərin kompleks tərkib hissəsi kimi qrunt sularının xaric edilməsi məqsədilə suvurma nasoslarının yerləşdiyi şaxtalar gücləndirilib. Nasos aqreqatları və elektrik avadanlıqları müasir analoqları ilə yenilənib.
Yenidənqurma tədbirləri hava axınının istiqamətlənməsi, yaxın tunellərdə təbii ventilyasiyanın səmərəsinin artırılmasına xidmət göstərir və təbii havalandırma imkanlarını genişləndirib.
Təmir işləri başa vurulduqdan sonra ərazinin çəpərləri yığışdırılaraq abadlıq işləri aparılıb. Bu xüsusda yeni yerüstü örtük təbəqəsi yaradılıb. Ərazinin təbii təsirlərdən, həmçinin yağıntılardan mühafizəsi, yağış sularının yönləndirilməsi məqsədilə tədbirlər görülüb.
Ümumən şaxtalardakı yeniləşmə tədbirləri metropoliten üçün mühüm əhəmiyyət kəsb edən sahələrin infrastrukturunda uzunömürlüyü, etibarlığı, təhlükəsizliyi artırılıb, xidmət səmərəsi əhəmiyyətli dərəcədə yüksəldilib.