Metropolitendə yenidən retro vaqonlar nümayiş olunur

Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro
vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında
nümayiş etdirilir.

Metropolitendən AzerTimes-a bildirilib ki, keçmiş SSRİ-nin ilk metro
qatarının tərkib hissəsi olan “A” tipli vaqon 1934-cü ilin sonunda
istehsal olunub. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə
dayanmaq üçün isə 120 yer var. Bu vaqon Bakı metropoliteni
xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinəsi,
işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti
çəkir.

Stansiyada nümayiş olunan digər eksponat 1950-ci illərin
istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu
postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı
metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı
və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.

Hər iki vaqon 1960-cı illərin sonunda yolölçən vaqonun tərkib
hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb və 2015-ci ilə qədər
xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi,
tunellərin yoxlanılması məqsədilə istifadə olunub. 2015-ci ildə
Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA
şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq
istifadəyə verildikdən sonra bu vaqonların orijinal görkəmində
bərpa olunaraq saxlanılması qərara alınıb.

Stansiyada nümayiş olunan “E” tipli digər metro vaqonu isə
1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli
vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin – Moskva, Leninqrad,
Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman
Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə
xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət
qatarlar alınıb.

Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə
istismardan çıxarılıb. Lakin metro sərnişinlərinin daha yaşlı
nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin bir xatirəsi kimi də
diqqəti çəkir. Sərnişinlər mart ayının 22-dək “İçərişəhər”
stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə
bilərlər.

Teqlər: