Metropoliten üçün mütəxəssis hazırlığında Dövlət Məşğulluq Agentliyi də iştirak edəcək (FOTO)

Əməkdaşlıq çərçivəsində qatar maşinisti və platforma
növbətçisi peşələri üzrə ilk iki kurs artıq təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Bakı
Metropoliteni” QSC arasında birgə fəaliyyət müqaviləsi
imzalanıb.

AzerTimes xəbər verir ki, sənədi
Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev və
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov
imzalayıblar.

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin
fəaliyyəti və son dövrlərdəki layihələri barədə məlumat
verilib.

Bildirilib ki, bundan sonra Metropoliten üçün yeni
mütəxəssislərin hazırlanmasında Bakı Peşə Hazırlığı Mərkəzinin
imkanlarından da istifadə olunacaq. İmzalanan yeni əməkdaşlıq
sənədi bunu nəzərdə tutur.

Birgə fəaliyyət çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən
müharibəsi iştirakçılarının, əlilliyi olan şəxslərin, digər həssas
təbəqədən olan şəxslərin də metropolitendə mövcud peşə ixtisasları
üzrə peşə hazırlığı kurslarına cəlb edilməsi təmin olunacaq.

Kurslara cəlb olunacaq şəxslərin müəyyən olunması və kursların
təşkili sahəsində hər iki mərkəz əməkdaşlıq edəcək.

Əməkdaşlıq çərçivəsində 10 nəfər üçün qatar maşinisti və 13
nəfər üçün platforma növbətçisi peşələri üzrə ilk kurslar artıq
təşkil olunub.

Tədbir iştirakçıları bu kurslarla tanış olub, müdavimlərlə
söhbət ediblər.

Teqlər: