“Bakı metropoliteni” QSC üç yeni təsərrüfat qatarı (motovoz)
istismara verib.
Qurumdan AzerTimes-a verilən məlumata görə, bu maşınlar gün ərzində
depoda, gecə növbələrində isə tunellərdə sağlamlaşdırma və təmirin
əsas hərəkətverici qüvvəsidir.
Ümumən sərnişinlərə təhlükəsiz və mədəni xidmət, əsasən, gecə
növbələrində cəmi 3 saat ərzində görülən tədbirlərdən çox asılıdır.
Motovozlardan aidiyyəti üzrə müxtəlif yüklərin – mal-materialların,
mexanizm, alət və ləvazimatın, eləcə də işçilərin sahələrə
çatdırılmasında istifadə olunur. Bu qatarlar əl ilə daşınması
mümkün olmayan müxtəlif təyinatlı mexanizmlərlə və yüksəkliklərdə
aparılan işlərə cəlb edilir. Hər həftə müxtəlif xidmətlərin
sifarişinə uyğun olaraq, gecə növbələrində xətlərə 80-120
təsərrüfat qatarı çıxarılır.
Ümumən Bənövşəyi xəttin genişlənməsi ilə Xocəsən qəsəbəsində
yerləşən elektrik deposunun birinci mərhələ üzrə istifadəyə
verilməsi 2022-ci ilin sonuna nəzərdə tutulduğundan, habelə
istismar müddətini başa vurmuş motovozların yeniləri ilə
əvəzlənməsi günün vacib məsələləri sırasında yer alır.
Dartı modullu üç yeni təsərrüfat qatarı Bakı metropoliteninin
texniki şərtləri əsasında Rusiyanın “ViLen” MMC-də istehsal olunub.
Texniki tələblər sırasında Bakının iqlim şəraiti, metropolitenin
hidrogeoloji şəraiti, relyefi, yolun plan və profildə vəziyyəti,
yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb. Məhz bu
səbəbdən yeni maşınların əsas üstünlükləri güc qabiliyyətindədir.
Metropolitenin ən mürəkkəb sahələrinə xüsusi ağırlıqlı və uzunluğu
olan mal-materialın daşınmasını istismar müddətini başa vurmuş iki
motovoz birlikdə yerinə yetirirdisə, yeni təsərrüfat qatarının hər
biri bu işi təkbaşına görə bilir.
Hər üç maşın əmək şəraitinə müsbət təsiri baxımından Bakı
metropoliteninin motoparkına unifikasiya olunub, mümkün həddə
çoxfunksiyalı və universaldır. Bu xüsusda metropolitenin texniki
tələblərinə uyğun olaraq, istehsal prosesində dünyanın aparıcı
şirkətlərinin detalları ilə təchizatına, bundan savayı, dəmiryol
nəqliyyatı üçün müəyyən olunmuş Avropa standartlarına uyğunluğuna
diqqət edilib. Təsərrüfat qatarlarının istehsalında güc qurğularına
da xüsusi texniki şərtlər qoyulub. Bu mənada müasir dövrün ekoloji
standartlar baxımından ən yüksək tələblərinə uyğun cavab verən
“Cummins” tipli dizel mühərriki, həmçinin məsafəli idarəetməyə
malik mexaniki sürət qutusu ilə təmin edilib. Digər texniki şərtlər
sırasında ekoloji cəhətdən, ələlxüsus tunellərə və işçilərin
səhhətinə təsirinin, səs-küyün normalar həddində olması ilə bağlı
müvafiq tələblər qoyulub. Təhlükəsizlik baxımından yanğınadavamlı
materiallardan istifadə olunması, yanğın əleyhinə və digər
sistemlərin quraşdırılması da nəzərə alınıb.
İş prosesi üçün xüsusi əhəmiyyət kəsb edən maşinist kabinası
rasional tələblərə uyğun qurulub. O, genişliyi, müasir idarəetmə
pultu, kondisioner və təbii havalandırma sistemi ilə seçilir.
Yüklərin və işçi heyətinin idarəetmə prosesinə maksimum mane
olmaması nəzərə alınıb. Mühərriklər maşinist kabinalarından
kənardadır. Bu texniki həll maşına qulluq, təmiri asanlaşdırıb.
Bununla həm də mühərrikin səsi maşinist salonuna daxil olmur,
maşinistə rahat və diqqətli müşahidə aparmağa imkan verir.
Üstünlükləri sırasında radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma
və reversiv idarəetmə sistemlərlə təchizatı da qeyd olunmalıdır və
bununla yeni motovozlar əvvəlki nəsil analoqlarından seçilir.
Bakı metropolitenində 27 təsərrüfat qatarı var. Onlardan 5-i
2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə
mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları
nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam
etdirilməsi nəzərdə tutulub.