Metroda üç stansiyanın iş vaxtı uzadılacaq

Fevral ayının 24-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans
liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab
oyununda meydana çıxacaq. AFFA və “Qarabağ” klubu qarşılaşmanın
saat 21:45-də başlanması və gec saatlarda başa çatması ilə
əlaqədar, metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə
“Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlayıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna
tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq,
metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə
tutulub.

Oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”,
eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının
24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə
açıq olacaq. Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı
təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir
qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında
mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin
ediləcək.


Fevralın 24-də “Gənclik” stansiyasının yaxınlığında keçirilən
kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun
olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir
sıra tədbirlər də görüləcək. Bu xüsusda futbol oyununun başlanma
vaxtı ərəfəsində stansiya gücləndirilmiş iş rejimi şəraitinə
keçiriləcək. Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da
ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə çıxarılmaq üçün etiyat
qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək
reytinqli klub turnirinin pley-off mərhələsində çıxış edən
“Qarabağ” futbol klubuna parlaq qələbə arzulayırıq.

Teqlər: