Dünən metronun “Əhmədli” stansiyasında polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq iki sərnişin qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirmələrini tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyib və qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər. Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Bu sözləri AzerTimes-a “Əhmədli” metrosunda yaşanan insidentlə bağlı açıqlamasında DİN-nin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O, Bakı Metropolitenində neqativ hadisələrin qarşısının alınması və təhlükəsizliyin təmini üçün bütün addımların atıldığını vurğulayıb:
“Nəzərinizə çatdırım ki, baş verə biləcək hər hansı neqativ əməlin qarşısını almaq, ictimai asayişin və qaydanın təmin olunması üçün Bakı Metropolitenində zəruri təhlükəsizlik tədbirləri görülür. Giriş hissədə quraşdırılan xüsusi cihaz vasitəsilə hər bir sərnişinin əl yükü mütləq qaydada yoxlanılır. Təhlükəsizlik qaydalarına riayət etmək istəməyən şəxslərin metrodan istifadəsinə yol verilmir”.