Hamıya məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır.
Bununla bağlı bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də
var.
Məsələ ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki,
metropolitendə çəkilişin qadağan olunması Nazirlər Kabinetinin
qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında
mövcuddur.
Bakı metropolitenin rəhbərliyinin icazəsi olmadan foto, video və
kino çəkilişləri aparmaq olmaz:
“Çəkiliş üçün metropoliten rəhbərliyindən icazə alınmalıdır.
Metroda icazə verilən çəkilişlər belə müşayətlə aparılır.
Sərnişinin Metropoliten ərazisində foto və ya video çəkilişlə
məşğul olması təhlükəsizlik baxımından məqsədəuyğun deyil.
Çəkilişlərin qadağan olunmasının əsas səbəbi sərnişinlərin
təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır.
Metropoliten strateji obyekt olduğuna görə, müəyyən qadağaların
tətbiq edilməsi başadüşüləndir və birmənalı şəkildə qaydalara əməl
olunmalıdır”- deyə B.Məmmədov bildirib.