Əksər insanların gündəlik həyat rutinində ictimai nəqliyyat vasitəsi kimi istifadə etdiyi metro vaqonlarının daxili interyeri estetik, yaxud komfort faktorları nəzərə alınaraq hazırlanmır. Bir çox ölkədə vaqonlarda oturacaqların yerləşdirilməsi sərnişinlərin yan-yana oturması şəklində dizayn edilir. Bu seçimin arxasında isə bir çox önəmli səbəblər var.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrinin dərc etdiyi araşdırmada bildirilib.
Qeyd olunur ki, əvvəla metrolarda oturma qaydası avtobuslardakı kimi olsaydı, sərnişinlərin vaqonlara daxil olması və ya tərk etmələri olduqca çətinləşərdi.
Metrolarda oturacaqların quraşdırılması forması sərnişinlərin qapılara yaxın yerlərdə gözləməyi seçməsinə ciddi təsir edir. Bu səbəblə metro qatarlarının qapıları daha geniş şəkildə dizayn edilir. Əgər əksi olsaydı, insanlar daha çox “yer tutmaq” üçün can atacaq, nəticədə isə dayanacaqlarda digər sərnişinlərin minməsinə mane olmaqla yanaşı, qatarın hərəkət intervalını da gecikdirəcəkdi.
Ümumiyyətlə metroların dizaynı sərnişinlərin seçim və davranışlarına əsasən formalaşdırılır. Xüsusilə pik saatlar xaricində aparılan araşdırmalar sərnişinlərin metrodan necə istifadə etdiyini və oturma şəkillərini təhlil edir.
Beləliklə, sərnişinin iki variantı olanda onun hansına üstünlük verdiyi aydın olur. Bu araşdırmalar göstərir ki, sərnişinlər ümumiyyətlə bir-birlərinə yaxın oturmağa üstünlük vermirlər. Yəni ətrafda heç kim olmadığı zaman ən uzaq künclərdə oturmağı seçirlər. Tələbat az olan saatlarda bir-birindən uzaqda oturan sərnişinlər pik saatlarda yanaşı yerləşmək məcburiyyətində qalırlar.