Sabah Azərbaycan milli mətbuatının yaranmasının 149-cu ildönümüdür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi idi.
AzerTimes xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov xatırladıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli mətbuatının inkişaf yolunu yüksək qiymətləndirərək demişdir:
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Rusiya imperiyasının rəhbərliyi qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər”.
K.Qafarov müstəqillik illərində mətbuat sahəsində həyata keçirilən önəmli islahatlardan da bəhs edib:
“Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildən başlayaraq məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Həyata keçirilən islahatlar milli mətbuatımızın da dayanıqlı inkişafına səbəb olmuşdur. Nəticə olaraq Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1998-ci ildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi”.
K.Qafarov müasir dövrümüzdə milli mətbuatımızın inkişafı üçün xüsusilə əlverişli şəraitin yaradıldığını vurğulayıb
“Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib hesab edən ölkə Prezidenti cənab İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet mediası inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə göstərilən daimi qayğının tərkib hissəsidir”.