Mətbuatda dərc olunan iradlar əsassızdır – AHİK

Təəssüf hissi ilə bildiririk ki, bəzi xəbər saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini ləkələyən, həqiqətdən uzaq, faktlara istinad etməyən qərəz dolu yazı dərc olunub. Bildiririk ki, Azərbaycan həmkarlar ittifaqları dəfələrlə bu səpkidə heç bir əsası olmayan yazılara cavab vermişdir və onların hamısı həqiqətdən tamamilə uzaqdır və böhtandır.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) məlumatında deyilir. Məlumatda bildirilir: “Mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun sədrinin ünvanına səslənən fikirlərə cavab olaraq bildiririk ki, AHİK özünün təməl prinsiplərindən və “Həmkarlar ittifaqları haqqında” qanuna əsaslanaraq əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəaliyyətini vicdanla yerinə yetirir. Təkcə son 3 ildə AHİK-ə müxtəlif mövzularda ümumilikdə 434 107 müraciət daxil olub və bunların 96%-i müsbət həllini tapıb. Bu illər ərzində 410 nəfər qanunsuz işdən çıxarıldığı üçün həmkarlar ittifaqları tərəfindən yenidən öz işinə bərpa olunub, 1257 nəfərin isə qanuna müvafiq olaraq, işdən çıxarılmasının qarşısı alınıb. Ümumilikdə statistikaya nəzər yetirsək, görərik ki, həmkarlar ittifaqları yüz minlərlə əmək adamlarının hüquqlarını müdafiəçisi olmuşdur.

AHİK sədrinin sanatoriyaların, pansionatların ərazisini sataraq bina tikdirməsi iddiası tamamilə yalandır. Belə ki, AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı var. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır. AHİK sədri mütəmadi olaraq KİV nümayəndələrinin iştirakı ilə həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, müalicə və istirahətlərin necə təşkil edilməsi ilə maraqlanır. Qeyd edək ki, həmin sanatoriya və pansionatların heç birinin ərazisində yaşayış binaları tikilməmişdir.

AHİK sədrini qeyri-demokratik seçkilər və qohumluq əlaqələri vasitəsilə sədr seçilməkdə ittiham edənlər, unutmasınlar ki, AHİK sədri 1980-ci illərdən həmkarlar ittifaqlarında çalışır. O, ən ağır bir dönəmdə, çoxlarının məsuliyyətdən qaçdığı bir vaxtda – 1991-ci ildə Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib. İşçilərin həmkarlar ittifaqlarında birləşdiyi istehsal müəssisələri, zavodlar, fabriklər fəaliyyətini dayandırmışdı, işsizlik artırdı. Belə bir vaxtda önjül həmkarlar ittifaqları liderləri sovet sistemindən qalma AHİŞ-i buraxmaq və yeni demokratik qurum yaratmaq qərarına gəldilər.

Səttar Möhbalıyev 1992-ci ilin dekabrında yeni qurumun – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi. Naxçıvan Muxtar Respublikası və 26 Sahə həmkarlar ittifaqı birliklərini könüllü olaraq özündə birləşdirən AHİK 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatında uğurla təmsil olunur, rəy və təklifləri həmişə nəzərə alınır. 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, 2004-cü ildən isə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır və bu beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə fəal iştirak edir.

S.Möhbalıyevin sədr və digər vəzifələrə seçilməsində rolu qeyd edilən şəxslər həmin vaxt, ümumiyyətlə, təsir imkanlarına malik olmayıblar. Yeri gəlmişkən, Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq nüfuzu, həmçinin AHİK sədri Səttar Möhbalıyevin dünya həmkarlar ittifaqları hərəkatının inkişafındakı rolu və xidmətlər nəzərə alınaraq o, 2014-cü ilin may ayında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib.

Həmkarlar ittifaqları üçün ödənilən üzvlük haqqına gəldikdə isə bildiririk ki, üzvlük haqqının ödəlilməsi, hansı istiqamətdə xərclənməsi barədə dəfələrlə AHİK və onun sədri tərəfindən jurnalistlərə açıqlama verilib. Bir daha bəyan edirik ki, vəsaitin xərclənməsinə həmkarlar ittifaqlarında fəaliyyət göstərən nəzarət-təftiş komissiyaları tərəfindən nəzarət edilir. Eyni zamanda keçirilən iclaslarda, konfranslarda, qurultaylarda vəsaitin hara xərclənməsi barədə hesabatlar verilir. Bu məqsədlə bir hesabatı da diqqətinizə çatdırırıq: 2020-ci il və 2021-ci ilin ilk 6 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 18 295091 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 10 22 605 manat, “YAŞAT” Fonduna 586 510 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 497 858 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb.

AHİK tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1123800 manat maddi yardım göstərilib. 6 278 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 161 şəhid ailəsinin 269 övladı himayəyə götürülüb.

Pandemiya dövründə də xüsusi fəallıq göstərən AHİK 98 507 aztəminatlı ailəyə ümumilikdə 3 925 985 manat, 92 254 nəfərə isə ümumilikdə 6 500 762 manat yardım göstərib. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 680 670 manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705 000 manat vəsait köçürülüb. İnfeksiyadan qorunmaq üçün 1 450 149 manat dəyərində 1405285 ədəd 10-dan çox müxtəlif adda qoruyucu vasitələr alınaraq işçilər arasında paylanılıb.

Vurğulayırıq ki, AHİK sədri Səttar Möhbalıyevin heç bir ailə üzvü Konfederasiyada vəzifə daşımır. Həmçinin, əlavə edirik ki, AHİK sədrinin və onun ailə üzvlərinin xarici ölkələrdə nə iaşə obyektləri, nə biznesi, nə biznes ortağı, nə də biznesinin müdafiəçisi vardır.

AHİK-i yollayışların verilməsində ittiham etmək isə qaydalardan xəbərsiz olmağı göstərir. Bir daha nəzərinizə çatdırırıq ki, hər il həmkarlar ittifaqlarının yüz minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır. Qeyd edək ki, bu yollayışlar AHİK tərəfindən deyil, iş yerlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri tərəfindən ittifaq üzvlərinə verilir. Həmkarlar ittifaqı üzvü yollayışının dəyərinin yalnız 15%-ni ödəyir. İlk həmkarlar ittifaqı tərəfindən ittifaq üzvlərinə verilən hər 10 yollayışdan biri pulsuzdur. Bu məsələdə, yəni yollayışların verilməsində AHİK-in fəaliyyəti yalnız yollayışların sahə həmkarlar ittifaqları arasında rüblər üzrə bölgüsünü təmin etməkdən ibarətdir.

AHİK və onun sədrinin fəaliyyətsizliyi ilə bağlı iddiaya gəldikdə isə bəyan edirik ki, üzvlərinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan qurum 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsinin hazırlanması prosesində əmək hüquqları ilə bağlı 120-dən çox təklif irəli sürmüş və onların əksəriyyəti nəzərə alınmışdır. Həmçinin 1993-2003-cü il ərazində AHİK 50-dək normativ aktın hazırlanması və ekspertizadan keçirilməsi prosesində fəal iştirak etmişdir. Səttar Möhbalıyev deputat kimi də öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlir. Parlamentdə aparılan bütün müzakirələrdə, qanunların qəbul olunmasında fəallıq göstərir, mövzu üzrə bağlı çıxışlar edir, seçicilərlə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır, istəklərinin reallaşması üçün qanuna müvafiq olaraq, səlahiyyətləri çərçivəsində tədbirlər görür. Bu barədə mətbuatda müntəzəm olaraq informasiyalar da yer alır.

Səttar Möhbalıyevin həm AHİK sədri, həm də millət vəkili kimi fəaliyyətində şəhid ailələrinə, qazilərə, birinci və ikinci Qarabağ müharibəsi veteranlarına diqqət və qayğı xüsusi yer tutur. Yuxarıda təqdim etdiyimiz statistikada, həmçinin mətbuat səhfələrində bu, aydın görünür. Bunu da demək yerinə düşər ki, Səttar Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi qəhrəmanlıqlar göstərərək şəhid olub və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bir sözlə, Səttar Möhbalıyev də şəhid ailəsidir.

Xəbərsiz olanlar üçün bir daha bəyan edirik ki, həmkarlar ittifaqları ictimai bir təşkilatdır və təşkilata üzvlük könüllü xarakter daşıyır. Adından göründüyü kimi, AHİK konfederasiyadır və orada birləşən həmkarlar ittifaqı təşkilatları müstəqil fəaliyyət göstərmək hüquqlarını özlərində saxlayırlar. Odur ki, AHİK-in və onun sədrinin üzv təşkilatlara yalnız tövsiyə xarakterli göstərişləri ola bilər”.

Teqlər: