Mətbuat Şurasının təşəbbüsü ilə “Şərq” qəzetinin 25 illiyi ilə bağlı toplantı keçirilib (FOTO)

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Şərq” qəzetinin 25 illiyi ilə bağlı toplantı keçirilib.

Şuradan AzerTimes-a bildirilib ki, tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib, “Şərq” qəzeti ölkədə alternativ fikrə ehtiyac duyulduğu bir zamanda yaranıb. Bu nəşr özünü daha müstəqil, daha tərəfsiz kütləvi informasiya vasitəsi kimi təqdim edib və mövcud dəst-xəttini qoruyub saxlamaqla ətrafına geniş oxucu auditoruyası toplayıb. Qəzet həmçinin fəaliyyətində klassik mətbuatımızın ənənələrinə sadiqliyilə populyarlaşıb, cəmiyyətin etibarlı söz tribunasına çevrilib. Bu statusun qazanılması illərin zəhmətinin bəhrəsidir. Ə.Amaşov “Şərq”in gələcəkdə daha uğurlu fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb. O, Şuranın diplomunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya təqdim edib.

“Ədalət” qəzetinin təsisçisi, MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Aqil Abbas çıxışında “Şərq”i məhrumiyyət və çətinliklərə sinə gərməyi bacaran mətbuat orqan kimi səciyyələndərib. O bildirib ki, qəzetin peşəkarlığa və prinsipiallığa əsaslanmış dəst-xətti baş redaktor A.Aşırlının jurnalistikaya hədsiz bağlılığının göstəricisidir.
Adı “Şərq” olsa da 25 yaşını qeyd edən qəzetin hər zaman Qərbə, Şimala və Cənuba xitab edən maraqlı təqdimatlarla yadda qaldığını deyən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu nəşrin bundan sonra da uğurlu fəaliyyət göstərməyi üçün oturuşmuş struktura malikliyinə diqqət çəkib.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Şərq”in fəaliyyətinə milli məfkurə daşıyıcısı, milli ruhu yaşadan mərkəz baxımından yanaşıb. O bildirib ki, 25 ildir qəzetin eyni missiyanı uğurlu şəkildə davam etdirməsi onu fərqləndirməkdədir.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 25 yaşını qeyd edən nəşri orijinal, hadisə və proseslərə məxsusi yanaşma tərzi ilə seçilmiş KİV olaraq dəyərləndirib və onun tutduğu yolu bundan sonra da davam etdirəcəyinə əminliyini dilə gətirib. R.Məcid çıxışında eyni zamanda “Şərq” qəzetində mətbuat tarixi muzeyinin mövcudluğuna diqqət çəkib və vurğulayıb ki, belə yanaşma nəşrin ənənələrə ehtiramından irəli gəlir.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Akif Aşırlı başda olmaqla “Şərq”in 25 ildəki fəaliyyəti tarixdə qalacaq hadisədir. Baş redaktor deyib ki, bu nəşr hər zaman ədaləti, obyektivliyi qoruyub. Onun varlığı qəzetçilik ənənələrinin yaşadılmasına mühüm töhfədir.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay vurğulayıb ki, “Şərq” hər zaman peşəkar jurnalistikaya sadiq kollektivi ilə fərqlənib. Kollektivin üzvləri tanınmış imzalar olublar. Qəzetin uğurunu şərtləndirən mühüm cəhətlərdən biri də məhz budur.
MŞ İdarə Heyətinin üzvü, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev hər bir yaradıcılıq nümunəsinin böyüklüyünün onu yaradan şəxsin böyüklüyü qədər olduğunu önə çəkib. O, bu baxımdan A.Aşırlı şəxsiyyətinin jurnalistikaya, söz sənətinə bağlılığından söz açıb. B.Həziyev çıxışında həmçinin “Şərq”in fəaliyyətinin davamlılığının vacibliyini əsaslandırıb.


MŞ idarə Heyəttinin üzvü, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov “Şərq”i milli ruhlu, siyasi ədalətin qorunub saxlanıldığı qəzet, jurnalistika məktəbi kimi xarakterizə edib. O vurğulayıb ki, nəşrin hazırkı yüksək statusu A.Aşırlı xarakterindəki prinsipiallığın məhsuludur.

“Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bildirib ki, “Şərq” 25 il öncə cəmiyyətə hansı dəyərləri aşılayırdısa, bu gün də eyni yoldadır. Bu isə onun peşə dəyərlərinə sadiqliyinin göstəricisidir.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev internet medianın geniş vüsət tapdığı hazırkı dövrdə “Şərq” qəzetinin öz varlığını keyfiyyətli şəkildə davam etdirdiyini vurğulayıb və bunun son dərəcə vacib məqam olduğunu bildirib.

“Birlik” jurnalının baş redaktoru İlqar İlkin çıxışında bildirib ki, “Şərq” yüz il sonra da Azərbaycanın hazırkı tarixi ilə bağlı müraciət ediləcək mətbuat orqanıdır. Çünki o, obyektivdir, hər hansı qərəzə yol vermir. Ötən 25 ildə də nəşrin fəaliyyəti məhz bu baxımdan yadda qalıb.

Respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə “Şərq”in o taylı bu taylı Azərbaycanın bütövlüyü ilə bağlı peşəkar təqdimatlara üstünlük verdiyini vurğulayıb və bunu mətbuatda ideoloji baxımdan mühüm hadisə olaraq səciyyələndirib.
Çıxış edənlərdən MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, “Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev və başqaları bildiriblər ki, “Şərq” qəzeti Azərbaycanın müstəqillik dövrü mətbuat tariximizin dəyərli nümayəndələrindən biridir. Onlar nəşrin ötən müddətdə gördüyü işlərin müxtəlif tərəflərindən söz açıblar.
Sonda çıxış edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı rəhbərlik etdiyi nəşrin ötən 25 ildəki fəaliyyətinə verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Teqlər: