Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Martın 15-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid toplantının şuranın fəaliyyətə başlamasının 21-ci ilinə təsadüf etdiyini vurğulayıb, İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb.

AzerTimes xəbər verir ki, son iclasdan indiyədək görülmüş işlərlə bağlı məlumat verən R.Məcid ötən müddətdə MŞ-nin məhsuldar çalışdığını bildirib. O, fevralın 7-də keçirilən prezident seçkilərində medianın iştirakına dair məqamları xatırladıb. Sədr deyib ki, Mətbuat Şurasının seçki günü “qaynar xətt”i fəaliyyət göstərib. Gün ərzində səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş mobil və şəhər nömrələrinə cəmi bir müraciət daxil olub. Müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib.

Seçki günü, eyni zamanda, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər.

Seçkiqabağı dövrdə isə MŞ-nin monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib. Monitorinqin nəticələri onu deməyə əsas verib ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

R.Məcid ötən müddətdə, həmçinin MŞ-nin ömrünü jurnalist peşəsinə sərf etmiş şəxslərlə bağlı 5 yubiley toplantısı təşkil etdiyini, 3 dünyasını dəyişmiş jurnalistlə bağlı nekroloq yaydığını diqqətə çatdırıb. Bundan başqa, Şurada xarici media təmsilçiləri ilə 4 görüş təşkil olunub.

MŞ Medianın İnkişafı Agentliyi ilə birgə bəyanat yayaraq, fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülərin paylaşılmasına və həmin xüsusda yol verilmiş peşə pozuntularına münasibət bildirib. Habelə, Şuranın və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı olub.

İclasda MŞ-nin Katibliyi tərəfindən Şuranın Şikayətlər üzrə Komissiyasının 2024-cü il 14 mart tarixdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindəki “Azərbaycan Mətbuat Şurası” auditoriyasında keçirilmiş iclasında müzakirəyə çıxarılmış məsələlər barədə məlumat verilib. “Azərbaycan Hakimlər Assosiasiyası” İctimai Birliyinin bir sıra saytlarda məhkəmələrlə bağlı yayımlanmış materiallardan narahatlığı xüsusunda bildirilib ki, media orqanları bəzən konkret məhkəmə prosesi haqqında material yayımlayarkən, ümumiləşdirmələrə yol verirlər. Nəticədə ölkədə məhkəmə hakimiyyəti ətrafında yanlış rəy formalaşdırılır. Buna görə də Mətbuat Şurasının belə halların yolverilməzliyini əsaslandıran, jurnalistləri həssaslıq nümayişinə çağıran tövsiyə mətninin hazırlanması qərara alınıb.

MŞ-nin Katibliyinin məlumatında müxtəlif vətəndaş qrupları tərəfindən Şuraya şifahi şikayətlər barədə qeydlərin mövcudluğu da diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə bu qəbildən olan 10 şikayət üzrə iş aparılıb, media orqanlarından narazılıqlar qarşılıqlı razılaşmaların əldə edilməsi ilə aradan qaldırılıb.

İclasda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevə və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya 55 illikləri ilə bağlı təbrik plaketləri – diplomlar təqdim olunub. Daha bir diplomla isə 50 illik yubileyi münasibəti ilə “APA Media Group”un baş redaktoru Nurşən Quliyev təltif edilib. Hər üç jurnalistin Azərbaycanda müasir media ənənələrinin formalaşmasındakı müstəsna əməyi vurğulanıb.

Cari məsələ ilə əlaqədar MŞ-nin media məkanımızda baş verən proseslərə, o cümlədən, jurnalistika ilə bağlı məqamlara reaksiyası ətrafında fikir mübadiləsi aparılıb. Habelə, qarşıdakı müddətdə türk dünyasının media qurumları ilə birgə toplantıların təşkilindən söz açılıb, mövcud istiqamətdəki fəaliyyət müəyyənləşdirilib.

Teqlər: