Bu gün Azərbaycan Mətbuat Şurasının, Milli Olimpiya Komitəsinin və Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Eyni zamanda Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan “Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş tədbir ərazi bütövlüyümüz uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin anılması ilə başlayıb.
Şuradan AzerTimes-a bildirilib ki, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyası adından da göründüyü kimi idmançıların bəşəri bəla olan narkomaniyaya qarşı səfərbərliyini təmin etməyi, onların həyat və fəaliyyətinin örnək tərəflərini göstərməklə gəncləri pis vərdişlərdən uzaq tutmağı, idman mütəşəkkiliyini artırmağı özünə hədəf seçib. Federasiyanın Azərbaycan Nümayəndəliyi də qarşıya qoyulan məqsəd naminə əzmlə çalışmaqda, təbliğat, maarifləndirmə işləri aparmaqdadır. “Əlbəttə, söhbət təbliğatdan və maarifləndirmədən düşürsə, biz ilk növbədə medianın rolundan danışmalıyıq. Hesab edirəm ki, müstəqillik illərində idman jurnalistikamız da inkişaf etmişdir. Bu inkişaf həm də idman hərəkatının intensiv xarakterindən irəli gəlir. Ölkəmizdə həqiqətən də idmana yüksək diqqət və qayğı var. Dövlətimiz, şəxsən Prezident İlham Əliyev sahəyə, olimpiya hərəkatına olduqca həssas yanaşır. İdman jurnalistikası da belə həssas münasibətin sayəsində özünə geniş yaradıcılıq meydanı əldə edir. “Olimpiya dünyası” qəzeti 20 ildir bu meydandadır. Qəzetdə nəinki olimpiya idman növləri, habelə bütövlükdə idmanımız dolğun və obyektiv şəkildə oxuculara çatdırılır. Heç şübhəsiz, nəşrin idmanın populyarlaşmasında da müstəsna xidmətləri var. Bütün bunları nəzərə alaraq Azərbaycan Mətbuat Şurası “Olimpiya dünyası” qəzetini özünün diplomuna layiq görüb”, – deyən Ə.Amaşov diplomu “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevə təqdim edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında bildirib ki, həm təmsil etdiyi dövlət qurumu, həm MOK-un Ədalətli Oyunlar Hərəkatı gənclərin zərərli vərdişlərdən uzaq dayanmaları üçün məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Mövcud xüsusdə başlıca yeri qarşılıqlı əməkdaşlıq tutur. Əməkdaşlıq idmanın daha da kütləviləşməsini hədəf seçib. İdman kütləviləşməlidir ki, müxtəlif mənfi tendensiyalar sıradan çıxsın, o cümlədən bəşəri bəla olan narkomaniya ilə mübarizədə mütəşəkkillik güclənsin. Bu, bütövlükdə idman ictimaiyyətinin mübarizəyə töhfəsidir. Gələcək nəsillər narkomaniyanın fəsadlarından maksimum dərəcədə qorunmalıdırlar. X.İsayev həmçinin “Olimpiya dünyası” qəzetinin 20 il ərzindəki fəaliyyətinə də toxunaraq bildirib ki, nəşr özünün məzmunlu fəaliyyət dairəsi, peşəkar yanaşması ilə idmanın həm də həyat tərzi kimi təbliğində müstəsna rol oynamaqdadır.
“Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 2001-ci il noyabrın 27-dən işıq üzü görən mətbu orqanın hazırda həftədə 1 dəfə oxucularla görüşə gəldiyini, eyni zamanda gündəlik yenilənən elektron resursa malik olduğunu vurğulayıb. Ötən müddətdəki uğurlardan söz aşmış baş redaktor deyib ki, “Olimpiya dünyası” İspaniyada keyfiyyət və peşəkarlığa görə mükafatına da layiq görülüb. O, həmçinin nəşrin müxbirlərinin Yay Olimpiya Oyunlarından Azərbaycan oxucularını eksklüziv materiallarla təmin etdiklərini də diqqətə çatdırıb. M.Fərzəliyev medianın narkomaniya ilə mübarizədəki öncüllüyündən söz açarkən Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini bildirib. Baş redaktor çıxışında həmçinin narkomaniya ilə mübarizədə idman ictimaiyyəti ilə medianın birgə əməkdaşlıq məsələlərinə dair fikirlərini bölüşüb, rəhbərlik etdiyi qəzetin fəaliyyətinə verilən dəyərə görə təşəkkürlərini çatdırıb.
Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev təmsil olunduğu qurumun gördüyü işlərdən söz açıb. O bildirib ki, təşkilat qarşıya qoyduğu məqsədə çatmaq üçün müxtəlif sahələrlə sıx əlaqədədir. Xüsusən idman cəmiyyətləri və media orqanları ilə təmaslar ön plandadır. Başlıca fəaliyyət metodu təbliğatdır. Təbliğat isə ilk növbədə idmanın daha da populyarlaşmasını hədəf seçir. Eyni zamanda məsələyə sistemli baxış var. Bu baxışda ayrı-ayrı nüfuzlu beynəxalq yarışlarda, Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qalib olmuş, fərqlənmiş idmançıların nümunəvi həyat tərzinin cəmiyyətə, gənclərimizə təlqin edilməsi mühüm yer tutur. Media ilə əməkdaşlıq isə mövcud istiqamətdəki başlıca vasitədir. C.Allahverdiyev də öz növbəsində “Olimpiya dünyası” qəzetini fəaliyyətinin 20 illiyi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov daxili işlər orqanlarının narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib, iştirakçıları konkret statistika ilə tanış edib. Ölkədə narkomanların rəsmi 32 mindən artıq olan sayının qeyri-rəsmi məlumatlara əsasən daha çoxluğunu vurğulayan N.Məmmədov təmsil olunduğu dövlət orqanının bəşəriyyətin bəlasına qarşı mübarizədə sosial media menecmentinə də geniş üstünlük verdiyini vurğulayıb.
Olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova çıxışında bildirib ki, hər bir idmançı özünün uğurları ilə cəmiyyətə, o cümlədən gənclərə canlı nümunəvi yaşam obrazıdır. İdman təşkilatları isə media ilə müştərək şəkildə bu obrazın təbliğində fəallıq nümayiş etdirməklə gələcək nəsilləri həm idmana kökləyər, həm də onları pis vərdişlərdən uzaqlaşdırmaq yönümlü işlərə töhfə vermiş olarlar.
MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev narkomaniyanın cəmiyyətin bütün təbəqələrinə mənfi təsirlərinin miqyasının böyük olduğunu vurğulayıb. O, bu bəlanı neytrallaşdırmaq üçün sistemli baxışa ehtiyacın duyulduğunu deyib. Jurnalist fəaliyyətinə gəldikdə isə A.Quliyev narkomaniyanın fəsadlarının əksini tapdığı peşəkar, müxtəlif janrlı yaradıcılıq nümunələrinin qələmə alınmasının zəruriliyini əsaslandırıb. Baş redaktor çıxışında habelə 20 illiyini qeyd edən “Olimpiya dünyası” qəzetinin idman salnaməmizin xronikasını yaratmaq baxımından mühüm işlər gördüyünü diqqətə çatdırıb və əlavə edib ki, nəşrin günümüzün tələbləri səviyyəsində işıq üzü görməsi son dərəcə əhəmiyyətlidir.
Konkret ənənəvi idman növlərinin fəaliyyətləri ilə gəncləri özlərinə cəlb etdiyini, nəticə etibarilə onların zərərli vərdişlərdən uzaq tutulmasına töhfə verdiyini vurğulayan cüdo üzrə əməkdar məşqçi, Cüdo Federasiyasının Nizam-intizam komissiyasının sədri Ruzbeh Vəliyev onu da bildirib ki, digər idman növlərinin inkişafını stimullaşdırmaqla, eyni zamanda onların əhali qrupları üçün əlçatımlılığını təmin etməklə gələcək nəslin sağlam böyüməsinə kömək göstərmək mümkündür. Elə fəaliyyət aparılmalıdır ki, ənənəvi idman sahələrinin üzərinə düşən yük azalsın, digərləri ilə bölünsün.
MŞ-nin icraçı katibi, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə dövlət proqramının mövcudluğuna diqqət çəkərək qeyd edib ki, bu sənəd hər bir dövlət qurumu qarşısında konkret məsuliyyət müəyyənləşdirməkdədir. Ona daha ciddi yanaşılacağı təqdirdə mövcud istiqamətdəki bir sıra neqativ təmayüllər də aradan qalxacaqdır.
Çıxış edənlərdən cüdo üzrə dünya çempionu Elxan Məmmədov, “Azersport.com” saytının rəhbəri Vüqar Zeynalov, “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, kiqboksinq üzrə dünya çempionu Ehram Məcidov, “Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu, “Məhsul” İdman Cəmiyyətinin Uşaq Gənclər İdman Mərkəzinin direktoru Niyazi Məmmədov, əməkdar jurnalist Rəhim Hüseynzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin katibi Gülnarə Məlikova və başqaları müzakirə edilən mövzunun əhəmiyyətindən söz açaraq idmanın gənc nəslin mənəvi və fiziki tərbiyəsindəki roluna toxunublar. Onlar insanların zərərli vərdişlərlər sığortalanması, narkomaniya kimi bəlaya düçar olmamaları üçün bütövlükdə cəmiyyətin səfərbərliyinin vacibliyini, sosial həyat instrumentlərinin aktivliyinin zəruriliyini önə çəkib, fikirlərini müxtəlif misallarla əsaslandırıblar.