Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib (FOTO)

Bu gün Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi üzrə beynəlxalq ekspertlər – Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycan Mətbuat Şurasında olublar.

AzerTimes xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat məişət zorakılığı məsələlərinin mediada işıqlandırılması məsələlərinə hər zaman böyük önəm verib, bu sahədəki vəziyyəti diqqətdə saxlayıb. Qurum mövcud xüsusda davamlı monitorinq keçirməkdədir. Prosesdə mövzu üzrə jurnalist yanaşmalarına nəzər salınır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə nə dərəcədə əməl olunmasına baxılır, pozuntu faktları qruplaşdırılır, ümumiləşdirmələr aparılaraq kütləvi informasiya vasitələrinə təqdim edilir. “Konkret pozuntu faktları ona yol verən KİV-ə çatdırılır və tövsiyə edilir ki, gələcəkdə oxşar xoşagəlməz hallar yaşanmasın. Əlbəttə, mediamızda məişət zoraıkılığının işıqlandırılması istiqamətində problemlər var. Bu isə əksər hallarda hüquqi bilgisizlikdən irəli gəlir. Hərçənd son zamanlar müəyyən müsbət dinamika hiss olunmaqdadır”, – deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib. MŞ sədri AJPDQ-da məişət zorakılığı, gender bərabərliyi ilə bağlı məqamlara həssas yanaşıldığına diqqət çəkib. Şuranın bununla bağlı indiyədək çoxsaylı treninq-məşğələlər, seminarlar təşkil etdiyini xatırladıb. Nəticədə bir çox jurnalistin mövcud sahədə kifayət qədər biliklər əldə etdiyini vurğulayıb və bu tendensiyanın media materiallarına da müsbət mənada təsir göstərdiyini bildirib. Bununla belə maarifləndirmə işlərinin davam etdirilməsinə ehtiyac var. Ə.Amaşov bu baxımdan tvininq layihəsinin sırf media fəaliyyəti üçün yeni imkanlar yaradacağını əminliyini vurğulayıb.

Toplantıda məlumat verilib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 2.2.2 saylı bəndində məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi nəzərdə tutulub. Yuxarıda göstərilmiş bəndin icrasını təmin etmək məqsədilə Avropa İttifaqının maliyyələşdirdiyi Tvinninq layihəsinin dəstəyi ilə ölkə üzrə ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqram işlənib hazırlanacaqdır. Ümumən layihənin məqsədi isə məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi, eləcə də müvafiq qurumlar arasında bu sahədə əməkdaşlığın təşviq edilməsi, sosial işçilər, hakimlər, jurnalistlər və digər maraqlı tərəflər üçün üçün məişət zorakılığı ilə bağlı problemlərin həlli yolları, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi sahələrdə məlumatlılığın artırılması məqsədilə xüsusi tədbirlərin təşkil edilməsidir.


Avropalı qonaqların çıxışları Azərbaycanda medianın qeyd edilən mövzu üzrə fəaliyyətindəki konkret məqamları öyrənmək üçün sual əhəmiyyəti daşıdı. Bu xüsusda müzakirələr davam etdirildi. Müzakirələrdə iştirak edən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ Idarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev ölkəmizdə medianın məişət zorakılığı və gender bərabərliyinə dair paylaşımlarındakı spesifik tərəfləri diqqətə çatdırdılar.

Görüşdə qərara alındı ki, layihənin media ilə bağlı görüləcək işlərə dair birgə əməkdaşlığın həyata keçirilməsi qərara alındı.

Teqlər: