Mətbuat Şurası Qalina Mikeladzenin vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mətbuat Şurası jurnalist Qalina Mikeladzenin vəfatı ilə əlaqədar nekroloq yayıb.

Şuradan AzerTimes-a verilən məlumata görə, nekroloqda deyilir:

“Azərbaycanın tanınmış jurnalisti Qalina Mikeladze vəfat edib. Bununla bağlı mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Qalina Alekperovna Mikeladze 1931-ci ildə anadan olub. Mixail Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında redaktor kimi başlayıb. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyatında çalışıb. 1950-ci ildə “Bakinskiy raboçiy”, AR MK-nin təqdimatı ilə 1964-cü ildən 1987-cü ilə qədər “Sovetskaya torqovlya” qəzetinin xüsusi müxbiri, Cənubi Qafqaz üzrə məntəqənin rəhbəri olub. 1993-cü ildən 2006-cı ilə qədər “Günay” qəzetinin baş redaktor müavini vəzifəsini tutub. Ömrünün sonuna qədər “1news” İnformasiya Agentliyində işləməklə bərabər respublikanın aparıcı nəşrlərində maraqlı məqalələrlə çıxış edib.

Q.Mikeladze qadınların jurnalistika peşəsindəki fəaliyyətinin örnəyi idi. O, eyni zamanda Azərbaycan qadınlarının həyatın ən müxtəlif sahələrindəki fəaliyyətini cəmiyyətə çatdırmağın də nümunəsiydi.
Siyasət və mədəniyyət xadimləri, maarifçi və xeyriyyəçilər, habelə tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında çoxsaylı məqalələrin, araşdırmaların və esselərin müəllifi olmuş xanım Mikeladze özünəməxsus geniş yaradıcılıq diapazonu ilə oxucuların sevimlisinə çevrilmişdi.

Q.Mikeladze müəllifi olduğu 20-də çox kitabında da parlaq dəst-xəttini qoruyaraq həm söz yaradıcılığına, həm də mədəni irsimizin qorunmasına misilsiz töhfələr vermişdi. O, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında da yaxından iştirakı ilə seçilmişdi. Bütün bu xidmətlərinə görədir ki, “Şöhrət” ordeni, “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilmiş, Prezident təqaüdünə layiq görülmüşdü.

Uzun və mənalı ömür yolunda zəhmətsevərlik simvolu olmuş Q.Mikeladzenin əziz xatirəsi onu tanıyanların hər birinin qəlbində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!”.

Teqlər: