Azərbaycan Mətbuat Şurası Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə əməkdaşları ilə birgə qeyd edib. Bu münasibətlə Şura Tərtərdə Rayon İcra Hakimiyyəti ilə birgə toplantı keçirib. Toplantıda KİV-lərin 44 günlük Vətən Müharibəsinin işıqlandırılmasında xidmətləri olmuş müxbir və operatorlarına MŞ-nin və Tərtər RİH-in diplomları təqdim edilib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, 44 gün davam etmiş Vətən Müharibəsi dönəmində rəhbərlik etdiyi rayon başda olmaqla ümumilikdə bölgə cəbhəyə köklənmişdi, hər kəs qalibiyyət üçün əzmlə çalışmışdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilmişdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetirmişdilər. Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi. M.Məmmədov çıxışında həmçinin tədbirə toplaşmış media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində bölgələrdəki KİV əməkdaşlarını 22 iyul Milli Mətbuat Günü ilə bağlı təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Ə.Amaşov bildirib ki, Şura ilk dəfədir bu əlamətdar tarixi ancaq regionda qeyd edir. “Bununla 44 günlük Vətən Müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq istəyirik. Sizlərin, tədbirimizə toplaşanların son dərəcə böyük əməyi var. Bu əmək həm peşə borcuna həssas yanaşma idi, həm də vətənpərvərlik. Nə gözəl ki, siz bu iki dəyəri vəhdətdə tutdunuz, nümunə göstərdiniz”, – deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri çıxışında həmçinin iştirakçılara rəhbərlik etdiyi qurumun Vətən Müharibəsi müddətində həyata keçirdiyi fəaliyyət barədə də geniş məlumat verib. O deyib ki, müharibədə əsgər və zabit kimi döyüşmüş jurnalistlər olub. MŞ onları daim diqqətdə saxlayıb, ailələri ilə müntəzəm təmaslar qurub. “Bu gün burada sizinləyik. Tərtər müharibə zamanı düşmənə ləyaqətlə sinə gərən rayonlarımızdandır. Bura arxa cəbhənin bir növ mərkəzi sayılırdı. Həm də ön cəbhəyə yaxınlıq baxımından. Bildiyiniz kimi, Tərtər ermənilərin atdıqları müxtəlif növ raket atəşlərindən xeyli ziyan görmüşdü. Rayon ərazisinə və mərkəzinə dəfələrlə mərmilər düşmüşdü. Mən özüm iki dəfə burada oldum. Nə qədər ağır və gərgin şəraitin hökm sürdüyünü gördüm. Eyni zamanda insanlardakı ruh yüksəkliyini də hiss etdim, duydum. Hər kəs, hər bir tərtərli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, öz peşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz. Təbii ki, qürurlu anların da şahidinə çevrilərək canlı tarixi gözlərinizlə görüb yaratmısınız. Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə istədi ki, Milli Mətbuat Günü ilə bağlı böyük əməyinizə özünün töhfəsini versin. İstədik ki, milli mətbuatımızın 146-cı ildönümü həm də xatirinizdə müharibə dövründəki əməyinizə dəyər baxımından yadda qalsın”, – deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib, təbriklərini çatdırıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ Müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. “Çox şükür ki, onların hamısı evlərinə, əzizlərinin və doğmalarının yanına sağ-salamat qayıtdı. Ümumən Vətən Müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Mətbuat Şurası da öz növbəsində ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdı. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol oynadı. İlk dəfə idi ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası kimi qurumlar Azərbaycanın mövqeyini əks etdirən bəyanatlarla çıxış etdilər, ermənilərin informasiya təxribatını gündəmə gətirdilər”, – deyə M.Ələsgərli vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Vətən Müharibəsində medianın daşıdığı missiyaya toxunub. O bildirib ki, zamanla bu missiyaya daha dolğun tarixi qiymət veriləcəkdir: “Bu tarixi qiymətin verilməsi son dərəcə vacibdir. Heç şübhəsiz, bu sizlərin əməyidir. Hər biriniz ən xoş sözlərə layiqsiniz. Əməyiniz danılmazdır. Buna görə də Mətbuat Şurası qərara aldı ki, 22 iyul Milli Mətbuat Gününü burada sizinlə qeyd etsin”.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə çıxışında toplantı iştirakçıları olan həmkarlarına milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, tədbir iştirakçıları olan bölgə müxbirlərinin əlamətdar günün sevincini yaşamağa daha çox haqlarının çatdığını vurğulayıb.
Toplantıda 44 günlük Vətən Müharibəsi dönəmində KİV-lərin Qarabağ bölgəsi üzrə müxbirlərinin adından çıxış edən İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, “Respublika” qəzetinin bölgə müxbiri Salman Babayev və başqaları həmkarlarının əməyinə verilən qiymətə görə təşəkkürlərini çatdırıblar. Onlar bu ənənənin davamlı olacağına inamlarını ifadə ediblər. Onlar çıxışılarında həmçinin 44 günlük Vətən Müharibəsinin xalqımızın qəhrəmanlıq tarixində böyük önəm daşıdığını vurğulayıblar. Bu baxımdan müharibə zamanı bölgə müxbirlərinin və operatorlarının birgə əməklərinin məhsulu olan materialların toplandığını və tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildiriblər.
Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən Müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına və Azərbaycan ictimaiyyətinin operativ və dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə MŞ-nin və Tərtər RİH-in birgə diplomu ilə təltif ediliblər.
Toplantıda həminin Vətən Müharibəsi dönəmində qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin – TRT, ATV, CNN türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri, bu media orqanlarına da diplomların təqdim ediləcəyi vurğulanıb. Bundan başqa tanınmış fotojurnalist Rza Deqqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər. Bu şəxslərə də mükafatlarının çatdırılacağı vurğulanıb.