Azərbaycan Mətbuat Şurası Azərbaycan kütləvi informasiya
vasitələrinin Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı
bəyanat yayıb.
AzerTimes-ın məlumatına görə,
Bəyənatda bildirilir:
“Rusiya Federasiyası tərəfindən Azərbaycanın kütləvi informasiya
vasitələri bloklanır. Səbəb aydındır. Azərbaycan KİV-lərinin
Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu
obyektiv mövqe Rusiyanı razı salmır. “Haqqin.az” və “Minval.az”
saytından sonra “Oxu.az” saytı da ayrıseçkiliyə məruz qalıb.
Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar
sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş
prinsip və normalara, bəşəri dəyərlərə əhəmiyyətsiz yanaşmadır. Bu,
eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ
fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun
məhdudlaşdırılmasıdır.
Rusiyanın Azərbaycan KİV-lərinə belə yanaşması iki ölkə arasındakı
münasibətlərə, Rusiya və Azərbaycan xalqlarlarının tarixən
formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə, informasiya
mübadiləsi prosesinə hörmətsizlikdir.
Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad
elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki
Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından
sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından
yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan
irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan
əziyyət çəkib.
Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi
dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması,
Rusiya ərazisindəki yayımlarının məhdudlaşdırılması faktına
obyektiv qiymət verməyə çağırır. İnanmaq istərdik ki, Rusiya
cəmiyyəti bu vəziyyətə düzgün və zəruri reaksiya verərək Azərbaycan
və Rusiya arasındakı münasibətlərin müsbət ahəng və dinamikasına,
mehriban qonşuluq prinsiplərinə zidd təmayüllərə meydan
tanımayacaqdır”, – bəyanatda qeyd olunur.