Futbol üzrə Almaniya millisi ilə dünya və Avropa çempionu olmuş Lotar Matteus “Qarabağ”ın oyununda ekspert kimi çalışacaq.
AzerTimes Report-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Almaniyanın RTL telekanalının aparıcısı Laura Papendikin təqdimatında dünya çempionu Karl-Haynts Ridle ilə bərabər ekspert kimi çıxış edəcək.
RTL Almaniyada UEFA Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb. Telekanalın ilk yayımı sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyunu olacaq.
Bundan başqa, Matteus “Sky” telekanalının Köln bölməsi üçün növbəti 2 il müddətində Almaniya millisinin oyunları zamanı ekspert kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ” sentyabrın 8-də Almaniyada “Frayburq”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Lotar Matteus Almaniya millisi ilə 1980-ci ildə Avropa, 1990-cı ildə dünya çempionu olub. Yığmada 150 oyun keçirmiş müdafiəçi bu göstəricidə rekordçu sayılır.