Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın dünyaca məşhur zərgərlik brendi FREYWILLE arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığa əsasən FREYWILLE şirkəti Qarabağ xalçaları və onların unikal naxışları əsasında yeni kolleksiya hazırlayır. Qədim Azərbaycan xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədilə yaradılan, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
AzerTimes xəbər verir ki, 1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan FREYWILLE şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri – Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edəcək.