28 May Müstəqillik Günü münasibətilə əfv sərəncamının imzalanacağı gözlənilir. Artıq Əfv Komissiyasının bununla bağlı 2 iclası keçirilib və 200-dən çox müraciətə baxılıb.
Hazırda həbsdə olan məşhur aktyor və rejissor, “Drakon” ləqəbli Rza Rzayev azadlığa çıxa bilərmi?
Mətbuat Şurasının sədri, Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məsələ ilə bağlı AzerTimes-a açıqlamasında hər dəfə yüzdən artıq müraciətə baxıldığını, müzakirələr aparıldığını və qərarların qəbul olunduğunu bildirib.
“Əfv sərəncamı fərdi müraciətlər əsasında olur, o cür baxılır. Yəni məhkum özü müraicət edir ki, burada da müəyyən şərtlər var. Məsələn, bəzilərində məhkum cəzasının yarısını yatandan sonra müraciət edə bilir. Biz hər dəfə yüzdən artıq müraciətə baxırıq, müzakirələr olunur, qərar qəbul olunur. Hələ ki tanınmışlardan, məsələn, son vaxtlar müzakirə edilən Rza Rzayevin (Drakon) fərdi müraciəti qarşımıza çıxmayıb. Əfv etmək isə Prezidentin müstəsna hüququdur, sonda bütün sənədlər Prezidentə təqdim olunur və o, buna dair sərəncam imzalayır”, – R. Məcid bildirib.
Millət vəkili, yazıçı Aqil Abbas Rza Rzayevin əfvi ilə bağlı müraciət edildiyini bildirib:
“İlk dəfə elə həm də tək mən onun əfv olunması üçün müraciət etmişəm, sonrasını isə bilmirəm. Zaman göstərər”.
Qeyd edək ki, Rza Rzayev 2023-cü ilin may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Drakon artıq həbs cəzasının yarısını çəkib və onun əfvi mümkündür.