Xəbər - Humay Ağacanova – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 545-ə çatıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə marafon Vətən müharibəsində yaralanmış qazilərin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyır. Bu məqsədlə marafona qoşulan işəgötürənlərin 286-ı dövlət, 259-u isə özəl müəssisələrdir. Onlar tərəfindən marafona artıq 2957 vakansiya təqdim edilib.
Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 866 nəfər (o cümlədən 140 şəhid ailəsi üzvü və 726 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.