Meşələrdə qanunsuz kömür istehsal edən ocaqxanaların işi dayandırılıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam
etdirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bu çərçivədə keçirilmiş silsilə tədbirlər
nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz fəaliyyət
göstərən kömür istehsalı ilə məşğul olan xeyli sayda ocaqxanalar
aşkar edilərək barələrində inzibati protokollar tərtib edilib,
toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə
göndərilib, habelə bu kimi hallara qarşı qabaqlayıcı tədbirlərin
görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən meşə təsərrüfatı
müəssisələrinə məktublar ünvanlanıb.

Qeyd olunan tədbirlərin davamı olaraq, Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri
tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı
Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə
Qax rayon xidməti ərazisində monitorinqlər keçirilib və meşə
massivinin yaxınlığındakı kol-kos sahələrdə yerləşən qanunsuz
fəaliyyət göstərən yeni kömürxanalar aşkar edilib.

Monitorinqlər zamanı Qax rayonunun Şotavar kəndində kənd
sakinləri Gündüz Allahverdiyev, Orxan Allahverdiyev, Bəhruz
Bayramov, Yalçın Babayev, Nurlan Balayev, Adilə Balayeva, Çingiz
Cumayev, Röyal Əhmədov, İlkin Balayev, Rəfail Məcidov, Şövkət
Məcidov, Vüqar Musayev, Nazim Cumayev, Bayram Nadirov, Nəriman
Şahmalıyev və Qasım Qasımova məxsus pay torpaqlarında kustar üsulla
hazırlanmış metal çənlərdə odun yandıraraq kömür hazırlanması
faktları aşkar edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar
üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının
tələblərinə cavab verməyən belə kömürxanaların istismar edilməsi
ciddi yanğın təhlükəsi yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, qanunsuz fəaliyyət növü ilə
məşğul olan 16 nəfər kənd sakini barəsində inzibati protokol tərtib
olunub və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq
tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər
edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu
istiqamətdə fəaliyyətini davam etdirir.

Teqlər: