Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?

Xəbər - Elçin Mehdiyev – Trend:

Məscidlərdə namaz qlımağa gələn insanların COVİD pasportunun olub-olmamasını icma üzvləri yoxlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzerTimes-a verilən məlumata görə, bütün məscidlər bununla bağlı hazırlıq işlərini həyata keçirir.

İdarədən qeyd edilib ki, COVİD-dən əvvəl də müxtəlif məsələlər zamanı dini icmanın üzvləri qapıda dayanır və gələnlərin sənədlərini yoxlayırdı. Yəni bu məsələləri həmişə icma üzvləri tənzimləyib. İndi də müvafiq icma üzvləri qapıda dayanacaq və məscidə gələn insanların pandemiya qaydalarına əməl edib-etməməsini yoxlayacaq və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Teqlər: